Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində dünyasını dəyişmiş bəstəkar Xəyyam Mirzəzadə barədə yazıb:
“Bəstəkar Xəyyam Mirzəzadə dünyasını dəyişdi. Böyük sənətkar idi. Azərbaycan musiqisini dünyaya çıxaran təkrarsız musiqi xadimlərindən idi. Dahi bəstəkar Qara Qarayevin sinfində oxumuşdu. Həmişə Qarayevin yalnız dahi bəstəkar olduğunu deyil, həm də böyük müəllim, böyük fikir adamı olduğunu deyirdi. Dəfələrlə söhbətlərimizdə Qara Qarayev haqqında böyük iftixar hissi ilə söz açmışdı. Hələ, 1956-cı ildə Azərbaycan bəstəkarlarının birinci qurultayı keçiriləndə Bakıya gəlmiş dahi bəstəkar Dmit¬ri Şostakoviç tanınmış bəstəkarların deyil, gənclərin əsərlərini dinləmək arzusunu ifadə etmişdi. Həmin vaxt konservatoriyanın sonuncu kursunda oxuyan Xəyyam Mirzəzadənin də kvarteti səsləndirilmişdi. Hesabat konsertindən sonra Şostakoviç bu gənc oğlanın gələcəkdə istedadlı bəstəkar olacağını bildirmişdi. Belə də oldu. Sonralar onun əsərləri yalnız Azərbaycanda deyil, Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa, İran, Türkiyə və digər ölkələrin səhnələrində səsləndirildi. Xəyam müəllim 30-dan artıq kinofilmə və bir çox dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələmişdi, populyar mahnıların müəllifi idi. Onun hələ 1963-cü ildə bəstələdiyi “Kiçik lirik süitası” öz həzinliyi və dərin musiqi məzmunu ilə ürəklərə yol tapdı, 1964-cü ildə “Çiçəklən Vətənim” (E. Mahmudov və Z. Cabbarzadə ilə birlikdə) əsəri ifa olundu. Ötən əsrin 50-ci illərindən başlayaraq Xəyyam Mirzəzadə kamera və simfonik orkestrlər, simli kvartet, skripka və fortepiano üçün parlaq əsərlər yazdı. 2000-ci ildə tamamladığı “Ağlar və qaralar” baleti və eyni adlı simfoniyası onun musiqi dünyasının zirvəsi idi, Qarayev nəslindən, qüdrətli bəstəkarlar nəslindən sonra Azərbaycan musiqisinin dünya sənəti ilə ayaqlaşmaq məqamı idi. Öz koloriti ilə seçilən gözəl həmsöhbət idi Xəyyam müəllim. Hər söhbəti emosiyası, diksiyası, ifadə tərzi, məna və məzmunu ilə seçilirdi. Güclü yumor hissi var idi. Azərbaycan mədəniyyət tarixindən, sənət tarixindən uzun-uzadı söhbətlərimiz olub Xəyyam müəllimlə. Simfonik musiqi yazan bəstəkarların böyük əksəriyyəti rus dilli olduğu halda, onun dərsliklər üçün nümunə ola biləcək bir Azərbaycan türkcəsi, dilin ifadə tərzi vardı. Yalnız musiqini deyil, tarixi və ədəbiyyatı da gözəl bilirdi Xəyyam Mirzəzadə. Onun əsərləri Azərbaycan mədəniyyət və musiqi tarixinin bir hissəsidir və yəqin ki, həmişə də belə olacaq”.