8 sentyabra az qalır. Taleyimizə yazılan bu əzablı gün yaxınlaşdıqca ürəyimi alov bürüyür. Sakitlik tapa bilmirik. Rüfətdən qisas aldıqları gündür. Şərləyib 9 il azadlıqdan məhrum etdilər. Gəncliyini əlindən aldılar. Qobustandakı Diri Baba türbəsini ziyarət edərkən yaşadığım duyğulu anlar məni xəyalların ağuşuna alıb 9 saylı həbsxanaya – Rüfətin yanına aparırdı. Dualar edirdim ogluma. Niyyət etdim ki, sağ-salamat evə gəlsin, Diri Babada qurban kəsəcəm. Öldürülməzsə Rüfət 44 yaşında oğlu Sabirə qovuşacaq. İndi Sabir 10 aylığındadır. O zaman 7 yaşı olacaq, məktəbə gedəcək. Təzə-təzə dədə deməyə başlayıb. Əvvəllər sanki aylar, illər tez gəlib keçirdi. Rüfətin həbsindən sonra gun mənə “əsrə bərabər” kimi görünür.
Nə etmişdi Rüfət!? Bəlkə milyonları, milyardları mənimsəmişdi!? Bəlkə çevriliş etməyə hazırlaşırmış? Sadəcə sistemin eybəcərlikləri ilə barışmadı. Onlar da dözmədilər. Çünki arğılı yerlərinə duz basılmışdı. Baş Prokurorun əmrindəki bu bircə cümlə kifayət edir ki, qərəzin hansı səviyyədə olduğunu görə biləsən: “Müstəntiq prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilsin”. Görəsən rüşvətxorluğa, qanunsuzluğa qarşı etiraz nə vaxtdan qeyri-etik sayılıb?
Guya R. Səfərov həbsindən təxminən iki il əvvəl kimlərdənsə toplam 3500-4000 manat həcmində rüşvət alıb. Bəs niyə bu qədər az? Yaxud “cinayət əməli”nin vaxtında aşkar edilməsinə maneçilik törədən səbəb nə olmuşdu ki, iş xeyli müddət açılmamış qalmışdı? Görürsünüz, qurub-quraşdırmağı da bacarmırlar. Di gəl danışdır, hamını qanmaz, özlərini dahi qismində görürlər. Məntiqə görə əgər müstəntiq rüşvətə meylli olubsa, o zaman istefasına gərək qalmırdı. İşindəcə oturub rüşvətini yığardı.
Haramlıqla qazanılan var-dövlətin hansı ünvanlarda yerləşdiyini millət yaxşı bilir.
…Sentyabrın 8-i Lənkərandaydıq. Ağır Cinayətlər Məhkəməsinin iclası səhər saat 10-a təyin edilmişdi. Məhkəmənin qarşısında xeyli adam vardı. Onlar yerli adamlar idilər. Astaradan, lerikdən, Masallıdan, Cəlilabaddan, Lənkəranın özündən gəlmişdilər. Həmin gündən cənub bölgəmiz mənim üçün ikinci ana Vətənə döndü. O ağır dəqiqələrdə bu
dəstəyin nümayişinə həqiqətən heyrətlənmişdim.
…Bayırda hələ də fasilənin bitməsini gözləyirdik. Səbrim tükənirdi. Təpəmizə döşəyən yağış seli bizi lap taqətdən salmışdı. Niyə yubadırdılar? Onsuz hakimiyyətin imza atdığı hökm hakim Asif Hacıyevin hazır vəziyyətdə qoltuğunda idi. Hətta prokorurun 10 il həbs istəyəcəyi, hakim Asif Hacıyevin isə cəzanı 9 ilə endirəcəyi ilə bağlı kim(lər)dən gösfəriş aldığı da mənə məlum idi. Prezidentin son və qəti göstərişindən də xəbərim vardı. Ətrafdakı iblislər onu məndən çoxdan döndərmişdilər. Təəssüf ki, indi onu asanlıqla inandıra bilirlər.
Mantiyanı itirmək təhlükəsi Hacıyevtək hakimlərin təkcə başlarını yox, “qəlblərini” də dar ağacına çəkmişdir. Bir də maraqların qanun üzərində hökmran olduğu zamanda yazıq hakim neyləsin, başına haranın daşını salsın?
Hələ də yağışın altındayıq. Məhkəmə başlamır. Rüfətin gözləri isə yol çəkir.
Soruşdum ki, nə fikirləşirsən, oğlum. Anamı istəyirəm-dedi. Ana Kəbəni ziyarətə getmişdi. Orda şeytana daş atırdı, burda isə …onun oğlunu daşlayırdılar. Nəhayət, icracılar məhkəmə zalına cağırdılar. İçəri keçəndə gördük ki, səhər iclasında ifadə verən və Allaha and içərək nə Rüfət Səfərova rüşvət verdiyi, nə də onun rüşvət istədiyi barədə fikirlərin ona aid olmadığını deyən şahid idarə müdüri Babək Hacıyev buradadır. Deməli, fasilənin bu qədər uzun cəkməsinin səbəbi varmış. İclas başlayan kimi şahid B. Hacıyevdən təkrar ifadə alındı. Bu dəfə şahid məhkəmənin səhərki iclasında verdiyi ifadənin yanlış olduğunu və müstəntiq Rüfət Səfərovun ondan 300 manat rüşvət aldığını utanıb-qızarmadan dilinə gətirdi. Məhkəmə iştirakçılarından biri özünü saxlaya bilməyib uca səslə “sənin kimi kişinin boyuna ip tutum”,-deyə etirazını püskürdü. Halbuki ilk ifadəsində “göydən Allah baxır, nə müstəntiq Rüfət Səfərov məndən rüşvət istəyib, nə də mən ona rüşvət təklif etmişəm” sözləri ilə hakim Asif Hacıyevin qanını əməllicə qaraltmışdı. Hakimin şahidə ibtidai istintaqdakı ifadəsini xatırladarkən Babək Hacıyevin “mən elə izahat verməmişəm, bunu istintaqı aparan mustəntiqdən soruşun” cavabı A. Hacıyevi ozündən çıxardı və 4 saatlıq fasilənin səbəbi məlum oldu. Nəhayət, günahsız bir gəncin haqq etmədiyi agır cəzaya məhkum edilməsinə dəqiqələr qalırdı. Müstəntiq son söz istəsə də hakim vermədi və hökmu oxudu. 10 dəqiqə sonra bayırda “Varanok”un dəmir barmaqlıqlı pəncərəsindən Rüfətin əl elədiyini gördüm. “Varanok” göz qırpımındaca yox oldu…
Eldar SABİR