Adamın istedadına görə daha çox diqqət və qayğı istəməsi və ya tələb etməsi bəlkə də anlaşılandı, bəlkə də təbii təsir bağışlayır. Ancaq bəzən bu istəyin eqoist kökü və yaxud da ümumi kontekstlə, ətraf mühitlə əlaqəli izahı kontrastlı mühakimələrə gətirib çıxarır. Fərqi yoxdur, söhbət xoş gələcək vəd verən gənc bir istedaddan da gedə bilər, lap fitri istedadlı, dünyaya səs salmış bir şəxsdən də, elə deyək ki vunderkinddən də.
Əlahiddəlik hissi maraqlı hissdir yəqin ki. Axı, istedadlılıq elə fərqlilikdir, əlahiddəlikdir, amma bu fərqlilik və əlahiddəlik də daima, dibsiz quyu kimi ağzını açıb xüsusi yanaşma, münasibət tələb edir və çox zaman da ictimai nəzər-diqqətin tam, bütöv istismarına hesablanır. “Baxın, mən fərqliyəm, çox fərqliyəm, ona görə də mənin qayğılarım və istəklərim də fərqlidir, sizin qayğılarınızın və istəklərinizin üstündədir, fövqündədir”. Təxminən və yaxud buna oxşar bir şey. Bu mənada “bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?” (Şəhriyar Məmmədyarovun birinci statusundan) giley-güzarını anlamaq elə də çətin deyil. Hərçənd bu “sponsorun tapılmaması” giley-güzardan da çox cəmi Azərbaycanın problemlərinin fovqünə qoyulmuş fövqəl təqdimatı xatırladır.
İstedad, fitri istedad azlığın lüksüdü və bu cüzi azlığın bitib-tükənməyən istək və qayğılarının qarşılandığı siyasi sistemlərdə böyük, amma belə fitri istedaddan məhrum çoxluğun ən sadə hüquqlarına və arzularına ayaq silinir.
İstedadlı azlığın ən böyük və yaxud da ən kiçik probleminə diqqət çəkməsiylə, çəkilməsiylə fitri istedadsız çoxluğun əbədi həllolunmaz, şikəst xülyaları həmişə tərs mütənasib olur.
İstedadlı azlığın “komandasının xərclərini qarşılamaqda çətinlik çəkməsi”, istedadsız çoxluğun yaşamaq instiktlərini belə kiçildib kölgədə qoyur.
O yerdə ki fitri istedadlar yağ içində böyrək kimi bəslənir, onların hansısa qurcuxlanmaları belə nəsə ilahi, yaxud mənşəyi məlum olmayan ismarıc kimi yozulur, orda fitri istedadı olmayan böyük çoxluğun saysız-hesabsız problemləri, yaşam qayğıları olur. Bu antiinsani bəslənmə daima o kədərli və yaddan çıxmış həyat hekayələrini assosiasiya edir.
İstedadlı azlığa yaradılan bütün şərait, onların hər cür komfortla əhatələnməsi məhz istedadsız çoxluğun problemlərinin, bütünlükdə isə özlərinin unudulmasına, gözdən uzaq, könüldən iraq tutulmasına xidmət edir. Cəhənnəmə ki! Əsas Şəhriyardı, əsas Alimdi (Qasımov), əsas Anardı (Rzayev), əsas “Qarabağ” komandasıdı, əsas odu, budu və s. və i.a.
Bizdə süd verməyən inəyi kəsirlər, bu düşüncənin hakim olduğu cəmiyyətlərdə istedadsızlıq və faydasızlıq böyük faciədir, sadə adamlar, böyük çoxluq favorit deyil, onların gələcək vəd verməyən və heç bir ümid bəslənməyən fərəhsiz həyatı kiməsə maraqlı deyl.
İstedadlı azlığın hər kəsə və hamıya, o cümlədən mənsub olduğu dövlətə minnəti (“şahmat belə məni bezdirir, yorulmuşam!”, “heyf mənim gücüm sonsuz deyil” – Şəhriyar Məmmədyarovun birinci statusundan) daha çox qayğı, daha çox diqqət əldə etməyə, kobud desəm, qoparmağa hesablanıb. O, “yarışlarda qazandığı uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm”, “bundan əlavə bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər”, – deyir (Şəhriyar Məmmədyarovun ikinci statusundan) və demədiklərindən digər latent istək və arzuları tökülür: bu mükafatlandırma və dəstək əbədi var olsun! Bu xoş fürsət qapınıın ağzını kəsdirəndə isə müzakirələrə tələm-tələsik, sevinclə yekun vurulur: “…sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim”(yenə ikinci statusdan).
Bu minnət və yaxud da emosional şantaj hər gün daha çox oğurlayan hakimiyyətin, bizim hakimiyyətin fonunda təbii və ədalətli təsir bağışlayır. Sel kimi axıb gələn, elə o minvalla da hara və nəyə xərcləndiyi məlum olmayan bu qədər pul-paranın, var-dövlətin içində bir istedadlı, çox istedadlı, fitri istedadlı, ölkəni dünyada təmsil edən bir gəncin şəxsi komandasının maddi xərclərini ödəmək axı nədir ki!
Ancaq başqa bir ortamda, başqa bir siyasi sistemdə, dürüst və ədalətli bir idarəçilikdə yox, belə deyil və sadəcə, ayıbdır!
Bu mənada belə fitri istedadlarla onların qayğısına qalanların öz aralarındakı kiçik ixtilaflara, məişət qayğıları və umu-küsülərinə, sponsor və ödəniş problemlərinə qarışmaq, müdaxilə eləmək, ətlə dırnağın arasına girmək kimi bir şeydi ki, onun da nəticəsinin nə olduğu gərək ki hamıya məlum olsun. Onların virtual qurşaq tutması və əl sıxışması, son nəticədə tez bir zamanda barışmalarına və yeniudən dinc yanaşı yaşamalarına xidmət edir və bütün əks eyhamları, ağla gələn variantları istisna edir. Necə ki, gənc şahmatçı ulduzumuz vur-tut bir gün sonra sanki heç nə anlamamış kimi at gedişi edir: “Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib” (Şəhriyar Məmmədyarovun ikinci statusundan).
Əsas mahnadır, yoxsa düşüncə “paxmel” olur…