Karate üzrə ikiqat Azərbaycan çempionu, 5 yaşlı Atilay Abdulkərim beynəlxalq yarışlarda iştirak etmək üçün maddi vəsait tapmaqda çətinlik çəkir.
Ailə iki ilə yaxındır karate idman növü ilə məşğul olan, yaşıdları arasında ikiqat Azərbaycan çempionu Atilayı yaxınlarda gözlənən beynəlxalq yarışlara göndərməkdə maddi çətinliklə üzləşib.
Atilayın atası Azad Abdulkərimov deyir ki, Bolqarıstanda keçiriləcək Avropa çempionatına qatılmaq üçün təxminən 1300 manat tələb olunur. Bu pula viza ödənişi, otel və nəqliyyat xərcləri aiddir.
Uşaq azyaşlı olduğu üçün valideynlərdən biri onunla səyahət etməli olur və valideynin xərcləri də tələb olunan büdcəyə daxildir.
Atası Atilayın Azərbaycandakı məşqlərinin və geyimlərinin xərclərinin də ailənin çiynində olduğunu söyləyib.
“Aylıq məşq xərclərini ödəyirik, amma beynəlxalq yarışların xərcinə maaşım yetmir. Gərək iki-üç ay pul yığasan ki, uşaq yarışa gedə bilsin. Maaşını da yarışa verəndə, gərək evdə acından öləsən”.
“Dövlət dəstəyi var, sponsor dəstəyi yox”
Sumqayıt döyüş klubunun baş məşqçisi Rəşad Yaqubov deyir ki, arabir reklam çəkilişləri ilə bağlı onlara sponsorlar müraciət edir, amma əldə etdikləri vəsait klubun fəaliyyətinə kifayət etmir.
Onun məşqçi olduğu klubda 6-40 yaş arası 100 idmançı fəaliyyət göstərir və onlar arasında dünya və Avropa çempionları var. Məşqçi bildirir ki, Avropa və dünya çempionatlarında iştirak üçün dövlət tərəfindən yardım olunur.
“Dünya təcrübəsində klublara şirkətlər sponsorluq edir. Azərbaycanda isə belə bir şey yoxdur. Dəstək olanda klublarda da nəticə olur”, o əlavə edib.
“…bir həftə üçün 50-100 dollar”
Şahmatdan maddi çətinliklərə görə uzaqlaşdığını söyləyən Azər Aşırov birinci dərəcəyə qədər yüksəlib, amma “ustalığa namizəd”in bir addımlığında olub:
“Şahmatda pul çox vacibdir. Yaxşı müəllimlərlə hazırlaşmaq üçün elə məbləğlər demişdilər ki, razılaşa bilmədik”.
O deyir ki, 2001-ci ildə beynəlxaq usta yanında məşq etmək istəsə də, bir həftə üçün 50-100 dollar istənilib:
“İmkanı varsa, valideyn göndərəcək, yoxdursa, yarımçıq qalır”, müsahibimiz söyləyir.
“Hər adam qabağa gedə bilmirdi”
Azər Aşırov iddia edir ki, 2000-ci illərdə Azərbaycan miqyasında şahmatda qazanmaq imkanları məhdud olub, ona görə də maliyyə dəstəyi olmadan şahmatçının peşəkar fəaliyyətə davam etməsi çətin idi.
“Hər adam qabağa gedə bilmirdi. Planlı getmək üçün pulsuz, ümumiyyətlə mümkün deyil”.
“…məşqçilərin elə də imkanı olmurdu”
Müsahibimiz deyir ki, məşqçilərin xərclərini ödəyə bilmədikləri üçün, şahmatçılar beynəlxalq turnirlərə, əsasən, tək gedirlər.
“Məşqçilər də az pul qazanır. Turnirlərə gedəndə qalmaq, yemək və digər xərclər çox çətinlik yaradır. Yarışçı gərək elə səviyyəyə gəlib çatsın ki, dövlətin dəstək üçün təminatı olsun, amma o səviyyəyə çatmaq üçün də valideynlərinin 100 faizlik maliyyəsinə ehtiyacı var”.
Kim sponsorluq etməlidir?
Keçmiş şahmatçı deyir ki, şahmatçıların köynəklərinin üzərində ona sponsor olan şirkətlərin adları və ya nişanları olur: “Məsələn, şahmatçı Magnus Carlsen-ə baxsaq, köynəklərinin üzərində onu maliyyələşdirən şirkətlərin emblemləri var. Digər bir şahmatçı Sergey Karyakinin o qədər sponsoru var ki, kostyumunda sponsorların adlarından yer yoxdur”.
Azər Aşırov əlavə edir ki, bir şahmatçı turnirin qalibi kimi 30-40 min avro pul mükafatı alsa da, bu pulun yarısı təyyarə bileti, yarış müddətində qalmaq, yemək və digər xərclərə gedir: “Turnir xərclərindən başqa adamın öz xərcləri var, ailə xərcləri var. Hamısını çatdırmalıdır”.
“Uşaq şahmatında boşluq”
Adının açıqlanmasını istəməyən şahmat müəllimi BBC News Azərbaycancaya deyib ki, 7-8 ilə Azərbaycan şahmatı böyük çətinliklərlə üzləşə bilər, “çünki yeni nəsil yetişmir”.
“Azərbaycan şahmatında boşluq yaranır. Güclü şahmatçılar var idi ki, artıq onlar yoxdur və böyük bir boşluq var. Şahmata gələnlər var, amma maddi təzyiqi görüb çoxları axıra qədər davam etdirmir”, – müsahibimiz bildirib.
“İlə 7-8 min dollar”
Müsahibimiz söyləyir ki, “hər valideyn uşağın məşğələ pulunu ödəyə bilmir” və buna görə də “potensiallar itir”.
“Tanıdığım valideyn var ki, uşağının beynəlxalq yarışlarda iştirakı üçün ilə 7-8 min dollar xərcləyir. Müəllimlə fərdi məşğələlərə isə ayda 250-300 manat pul verir”.