AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, 1999-cu ilin 8 sentyabrında, ölkənin kəşfiyyat başçısını baş nazir təyin edəndən bir neçə həftə sonra ovaxtkı prezident Boris Yeltsinə qeyri-adi şəkildə dostlaşdığı ABŞ prezidenti Bill Clinton-dan zəng gəlib.
Yeni baş naziri çox az adam tanıyırdı və o Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də cəmi bir il əvvəl gətirilmişdi. Yeltsin Clinton-u əmin etmək istəyirdi ki, Vladimir Putin “etibarlı adamdır”.
Boris Yeltsin Bill Clinton-a Putinin “işgüzar, sözübütöv və partnyorları ilə tez dil tapa bilən birisi” olduğunu deyirdi.
Bundan iki ay sonra İstanbulda yer alan təkbətək görüşdə Clinton yenidən Putin məsələsinə qayıtmışdı. Yeltsin Clinton-a aydın şəkildə 2000-ci ilin seçkisində kimin qalib gələcəyini bildirmişdi.
Boris Yeltsin özü haqqında üçüncü şəxsdə danışırdı:
“Əlbəttə Putin. O Boris Yeltsinin xələfi olacaq. O demokratdır, Qərbi yaxşı tanıyır”.
Bu söhbətdən bir ay sonra, Yeni il axşamı Yeltsin istefasını elan etmişdi… Və onun dediyi kimi, martda keçirilən prezident seçkisində Putin qalib gəlmişdi. O hələ Stalindən sonra ölkəyə ən uzun müddətdə rəhbərlik edən şəxs olacaqdı.
Mike Eckel yazır ki, Yeltsinlə Clinton arasındakı söhbətin mətni yüzlərlə başqa sənədlərlə birlikdə xəbərdarlıqsız-filansız ötən ay Arkanzasdakı Clinton prezident kitabxanası tərəfindən internetdə dərc olunub.
İlk dəfə işıq üzü görən bu sənədlər 1991-ci ildə Sovet İttifaqı çökəndən bəri Borislə Bill arasındakı münasibətlərə bir az da işıq salıb.
Məxfiliyi götürülmüş sənədlər Rusiya-ABŞ münasibətlərinin bugünkü vəziyyəti ilə tam təzad təşkil edir.
Clinton administrasiyasında Milli Təhlükəsizlik Şurasının üzvü olmuş Andrew Weiss deyir ki, o zaman ABŞ Rusiyanın yeni dünyanın dayaqlarından biri olacağına inanırdı.
1000 səhifəlik bu sənədlər 1993-1999-cu illəri əhatə edir. O vaxt 1996-cı ildə hər iki prezident seçkini udmuşdu.
Bəzi müşahidəçilərin fikrincə Boris Yeltsin və Bill Clinton-a qədər heç bir Amerika və Rusiya liderləri arasında belə yaxın münasibət olmayıb.
“Kommunistlər qayıtsa, hətta Alyaskanı geri istəyəcəklər”
Sözü gedən sənədlərdə iki lider arasında zaman-zaman baş qaldıran tikanlı məqamlar da əksini tapıb: Çeçenistan müharibəsi, NATO-nun Serbiyanı bombalaması, Kosovo böhranı və NATO-nun şərqə doğru genişlənməsi…
Bu sənədlərdən bu da görünür ki, qatı antikommunist olan Yeltsin Kommunist Partiyasının hakimiyyətə qayıdacağından qorxurmuş. Bu, əslində az qala 1996-cı ilin prezident seçkisi zamanı baş verəcəkdi.
Buna görə də 1996-cı ilin 21 aprelində Yeltsin Moskvada qonaq olan Clinton-a demişdi:
“Hazırda ABŞ mediasında kampaniya gedir ki, adamlar kommunistlərdən qorxmamalıdırlar, onlar yaxşı adamlardır, hörmətlidirlər və nəzakətlidirlər. Mən adamlara xəbərdarlıq etmək istəyirəm ki, buna inanmasınlar. Kommunistlərin yarısı fanatikdir. Onlar hər şeyi dağıdacaqlar. Bu vətəndaş müharibəsi olacaq. Onlar respublikaları ləğv edəcəklər. Krımı geri almaq istəyəcəklər, hətta Alyaskanı tələb edəcəklər”.
Yeltsin buradaca bildirir ki, ona hakimiyyət lazım deyildi, amma elə ki, kommunist təhlükəsini hiss etdi, yenidən seçkiyə qatılmaq qərarına gəldi.
Yeltsin Clinton-u məşhər ayağına çəkir
1995-ci ildə NATO üzü şərqə genişlənmək imkanlarını götür-qoy edirdi. Alyans keçmiş Sovet blokundan bir neçə ölkəni üzvlüyə qəbul etmək niyyətində idi. Sovet İttifaqı çökəndən sonra hərbi baxımdan çox zəifləmiş Rusiya NATO-nun əsl niyyətlərindən narahat olmuşdu.
Bir çox Rusiya rəsmiləri NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə Mikhail Gorbachev-ə verilmiş qeyri-rəsmi vədləri yada salırdılar. Yeltsin bu narahatlığı 1995-ci ilin mayında, Kremldəki görüş zamanı qaldırmışdı:
“Mən sizin NATO-nun genişlənməsi haqqında aydın niyyətinizi başa düşmək istəyirəm. Çünki görürəm ki, bu, Rusiyanın alçaldılmasından başqa bir şey deyil. Özünüz necə fikriləşirsiniz? Varşava bloku ləğv olunub, o biri bloksa varlığına davam edir. Bu, blokadaya almağın yeni formasıdır…”
Clinton bunun mənasını müxtəlif şəkillərdə Yeltsinə izah etməyə çalışırdı. Rusiyanın tarixini tərifləyirdi. Amma Yeltsini heç cür inandıra bilmirdi. Clinton deyirdi:
“Mən aydın şəkildə bildirdim ki, NATO-nu gücləndirmək üçün heç nə etməyəcəyəm. Mən indi bu söhbət zamanı sizə istədiyiniz zəmanəti verirəm. Amma biz ikimiz də başa düşməliyik ki, bu heç birimizin təslim olması deyildir”.
Lakin bu söhbətdən iki il sonra, 1997-ci ildə NATO Macarıstanı, Polşa və Çexiyanı üzvlüyə dəvət etmişdi.
Primakov təyyarəsini geri döndərmişdi
İki lider arasında 1998-ci ildə də Kosovo albanları ilə serblər arasında qızışan münaqişə ilə bağlı gərginlik yaranmışdı. Rusiya Serbiyanın qatı müdafiəçisi idi.
Yeltsin barışdırıcı mövqe tutmuşdu. O vəd edirdi ki, Serbiya lideri Slobodan Milosevic-lə danışacaq, amma Clinton-dan xahiş edirdi ki, o da paralel olaraq kosovolularla danışsın.
Yeltsin Belqrada qarşı hərbi güc işlədilməsinin əleyhinə idi.
Clinton Yeltsini inandırmağa çalışırdı ki, Kosovo məsələsi üzərində BMT çərçivəsində işləmək lazımdır.
“Əgər biz biz birlikdə olsaq, bu situasiyadan yan keçə bilərik və heç bir hərbi müdaxiləyə ehtiyac qalmaz”.
Lakin 1999-cu ilin martında Kosovoda albanların etnik təmizlənməyə məruz qaldığı barədə xəbərlər yayılanda NATO serb qüvvələrini həm Kosovoda, həm də Serbiyanın özündə havadan bombardman etməyə başladı.
Bu hadisə Kremli qəzəbləndirmişdi. Ovaxtkı baş nazir Yevgeny Primakov Birləşmiş Ştatlara Kosovoya dair danışıqlara uçurdu, lakin bombardman xəbərini alan kimi təyyarəsini geri döndərmişdi.
Həmin bombardmanın yaraları bu gün də sağalmayıb. Rusiyalılar bu hadisəni Moskvaya tam hörmətsizlik kimi yadda saxlayıblar.
Yeltsin Clinton-a hətta sualtı qayıqda görüməyi təklif edirdi
Yeltsinin prezidentliyi davam etdikcə səhhəti pisləşir və spirtli içkilərə meyli artırdı. O bir neçə dəfə Clinton-la yanaşı tam sərxoş vəziyyətdə görünmüşdü.
Yenicə açıqlanmış sənədlər Yeltsinin Clinton-la haqqında uzun müddətdir ki, şayiələr dolaşan danışıqlarına işıq salır. 1999-cu il, iyunun 10-da NATO Kosovodakı bombardmanı dayandırandan bir neçə gün sonra iki lider arasında telefon söhbəti olmuşdu. Yeltsin Clinton-a hər hansı gəmidə, hətta sualtı gəmidə təkbətək görüşməyi təklif etmişdi. ABŞ mediası bu söhbət zamanı Yeltsinin telefonda tam kefli səsləndiyini yazmışdı.
1996-cı ilin aprelində Clinton Yeltsinin səhhəti məsələsinə toxunmuşdu:
“Fikir vermişəm ki, siz arıqlayırsınız. Heç olmasa nəsə yeyin”.
Yeltsin cavab vermişdi: “Mən səhərlər çox yemirəm, bir də gecələr. Amma gündüzlər yeyirəm. Baxın, mənə verilənin yarısını (süfrədəki qabını göstərir), bu ördəyin yarısını yemişəm. Bu qızardılmış ördəkdir. Adamlar elə bilirlər ki, bütün qırqovullar Khrushchev-in vaxtında vurulub qurtarıb. Onlar bütün Sovet İttifaqı boyunca ova çıxırdılar”.
Weiss deyir ki, bu sənədlər iki lider arasındakı qəlb yaxınlığından başqa həm də bugünkü problemlərin kökünü göstərir:
“İndi Rusiyanın alçaldılması ideyası inkişaf etdirilir. Putin hökuməti Rusiyanın alçaldıldığını, ondan sui-istifadə edildiyini təlqin etməyə çalışır. Çünki bu, Putin hakimiyyətinin legitimləşdirilməsi üçün daha geniş siyasi sxemə daha yaxşı yerləşir. Belə bir ideya təlqin edilir ki, Rusiya mühasirədə olan qaladır və keçmişin qayıtmasına yol verməməyin yeganə çarəsi Putinin ətrafında sıx birləşməkdir”.