Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə hökm oxunub. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Əvvəlki prosesdə prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Müdafiə tərəfi O.Baxışlıya bəraət verilməsini istəyib. Orxan Baxışlı da son sözündə narkotik ittihamının saxta olduğunu, saxlandıqdan sonra narkotiki polislərin cibinə atdığını bildirib. O, şərlənməsinin yeganə səbəbinin siyasi baxışları, ölkənin demokratikləşməsi uğrunda mübarizədə iştirakçı olduğunda gördüyünü deyib. Cəbhəçi gənc mübarizəyə qoşulduğuna və nəticədə həbsə düşdüyünə görə heç vaxt peşman olmadığını vurğulayıb: “Əksinə, mən fəxr edirəm ki, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı kimi dəyərli insanlarla eyni sıradayam”.
Hakimləri cəsarətli olmağa, ədalətli hökm çıxarmağa çağıran O.Baxışlı valideynləri də övladlarını mübarizədən çəkindirməməyə, əksinə, onlara dəstək olmağa çağırıb: “Sevgilim mənim qarşımda seçim qoydu. Ya onu seçməliydim, ya da mübarizəni davam etdirməliydim. Onu çox sevməyimə baxmayaraq “mübarizəyə davam” dedim. Mən bu vətən uğrunda ölərəm”.
Xatırladaq ki(“Turan”), O.Baxışlı mayın 6-da saxlanılıb və polis guya onun üzərindən 6 qr heroin aşkar edib. Fəal ittihamları təkzib edib və narkotiki onun üzərinə polis əməkdaşlarının özlərinin atdığını bildirib.
Həbsindən bir neçə gün əvvəl – mayın 3-də Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun məzarı başında keçirilən tədbirdə Orxan Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri O.Baxışlını siyasi məhbus kimi tanıyıblar.