Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin ailəsi onunla görüşə bilmədiklərini deyir.
BBC News Azərbaycancaya danışan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva onunla görüşə problemlər yaradıldığını bildirib. Penitensiar Xidmət isə Əminə Hacıyevanın iddialarını təkzib edib və belə halın yaşanmadığını bəyan edib.
“Səhər yemək göndərmişik ona, yeməyi qəbul etməyiblər. Guya ki, Cahangir özü rəhbərliyə ərizə yazıb ki, görüşlərdən, telefon danışıqlarından və yeməkdən imtina edir”,- Əminə Hacıyeva belə deyib.
O hesab edir ki, “belə hal ola bilməz və bu uydurmadır”.
Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə BBC News Azərbaycancaya deyib ki, “Cahangir Hacıyev aclıq etmir və heç vaxt da etməyib”.
“Məcburi ola bilməz”
Əminə Hacıyevanın sözlərinə görə, bir neçə gün əvvəl vəkili qardaşına baş çəkib və Cahangir Hacıyev vəkilə deyib ki, “məni çağırmışdılar rəhbərliyin yanına ki, belə bir ərizə yaz imtina et. O ərizə yazmaqdan imtina edib”.
“Belə bir ərizə varsa, bunu onun adından istifadə edib yazıblar”,- Əminə Hacıyeva deyib və əlavə edib: “Mən bunun səbəbini bilmirəm”.
“Onun görüşlərinin və telefon danışıqlarının təmin olunması qanunvericiliyə uyğun qaydada və sayda həyata keçirilir. Heç bir həbs olunmuş şəxsə qarşı məcburi ərizə yazdırılması ola bilməz”,- Mehman Sadıqov belə deyib.
Pentensiar Xidmət rəsmisi bildirib ki, heç vaxt heç bir məhkum belə bir ərizə ilə müraciət etməyib ki, “mən hüquqlarımdan imtina edirəm”.
Cənab Hacıyevin bacısı deyir ki, onunla son dəfə sentyabrın 8-də görüşüb və o zaman hər şey qaydasında olub.
Əminə Hacıyeva deyir: “Ona yeni ittihamlar əlavə ediblər, Beynəlxalq Bankın Moskva filialı məsələsini. Bir dənə qurbanlıq tapıblar ona görə, fikirləşirlər ki, nəyə lazımdır başqa qurban axtarmaq, gəlin elə bütün problemləri bunun üstünə yükləyək”.
Cahangir Hacıyevə göndərilən sovqatın ona çatıb-çatmaması barədə cənab Sadıqov bildirib ki, o bu haqda məlumata malik deyil.
Onun sözlərinə görə, “Cahangir Hacıyevə qarşı heç bir qərəzdən söhbət gedə bilməz”.
2016-cı ilin noyabrında Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev məhkəmə hökmüylə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.
O, Kürdəxanı müvəqqəti saxlanma təcridxanasında saxlanılır.