Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti dayandırıldı və onun qarşısına 5 tələb qoyuldu.
Bu barədə ADR Hərəkatının rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib.
Buna səbəb Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinin fəaliyyətinə tətbiq etdiyi məhdudiyyətlərdir.
Açıq Hökümət Tərəfdaşlığının (AHT) rəhbər komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşəbbüsdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. Bu barədə rəsmi məlumat bu gün açıqlanıb. Məlumatda bildirilir ki:
1) 2019-cu il martın 1-dək AHT-nin İştirakçılıq və birgə əməkdaşlıq standarlarının minimum tələblərinə cavab verən Yol Xəritəsi hazırlanmalıdır. Yol xəritəsində AHT Forumun üzvlərinin və prosesə cəlb edilmiş digər maraq qruplarının əsas görüşlərinin vaxtı daxil edilməli, Yol Xəritəsi dərc olunmalı və müəyyən edilmiş son müddətədək AHT-nin həmsədrlərinə təqdim olunmalıdır.
2) 2019-cu ilin iyunun 1-dək Azərbaycan AHT prosesinə liderlik etmək üçün nazir və ondan yuxarı səviyyədə nümayəndə təyin etməlidir.
3) 2019-cu ilin iyunun 1-dək Azərbaycan vətəndaş OGP Forumu
və onun xaricində fəaliyyət göstərən maraq qruplarının iştirakı ilə əhatəli bir proses vasitəsilə AHT-nin fəaliyyət planının hazırlanmasına başlamalı və yenilənmiş təkliflərə vətəndaş cəmiyyətinə olan məhdudiyyətləri həll etmək üçün islahatlar daxil etməlidir.
4) 2019-cu ilin dekabr ayının 31-dək Azərbaycan AHT üzrə yekunlaşdırılmış Milli Fəaliyyət Planını başa çatdırmalı, təsdiq etməli və AHT katibliyinə təqdim etməlidir.
5) 2012-ci il avqust ayının 31-dək AHT fəaliyyət planının icrası başa çatdrıılmalıdır. Bu planın yerinə yetirilməsi müstəqil icmal mexanizmi vasitəsilə qiymətləndiriləcək.
Məlumat üçün qeyd edim ki, 04 may 2016-cı ildən Azərbaycan AHT-nin qeyri-aktiv üzvü statusunda idi. 2017-ci il iyunun 27-də qəbul edilmiş qərarla AHT Rəhbər Komitəsi 25 sentyabr 2017-ci ildən başlayaraq 1 il müddətində həyata keçirmək üçün Azərbaycana tövsiyyələrini göndərmişdir. 2018-ci il sentyabr ayının 25-dən başlayaraq maraq qrupları ilə apardığı müzakirələr və məsləhətləşmələrdən sonra AHT Rəhbər Komitəsi son iclasında Azərbaycanın AHT-də fəaliyyətinin dayandırılmasına dair qərar vermiş və 5 tələb irəli sürmüşdür.