Ermənistanda dekabrın 9-da keçirilən parlament seçkisində indi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın öz müttəfiqlərilə birlikdə bütün deputat yerlərini qazanması və ona qədər hakim partiya olan “Respublikaçılar”la onun dəstəkçisi olan “Daşnaksutyun”un barajı keçə bilməyərək parlamentdən kənarda qalması bu ölkənin daxili həyatında olduğu kimi, ümumən Cənubi Qafqazın siyasi xəritəsi üçün də ciddi dəyişiklik deməkdir. Ermənistandakı bu seçkinin Azərbaycanda da geniş müzakirə və qiymətləndirmələrə yol açması bu baxımdan təsadüfi deyil.
Qonşu və düşmən ölkədə baş verən bu tarixi dəyişiklə bağlı Azərbaycan müxalifətindən Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimlinin dəyərləndirməsini təqdim edirik.
Cəmil Həsənli: “Gürcülərdən sonra ermənilər də demokratiyanın magistral yoluna çıxdılar“
Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan televiziyaların həşir qaldırmasına baxmayaraq Ermənistanda azad, demokratik, şəffaf və doğru-dürüst bir seçki keçirilib. Azərbaycandan fərqli olaraq beynəlxalq təşkilatlar Ermənistandakı parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirib. Bilirsiniz ki, bu ilin aprelində keçirilən növbədənkənar prezident seçkiləri haqqında ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu, habelə AŞPA müşahidəçiləri öz açıqlamalarında seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etmədiyin bildirmişdilər. Ermənistanda bəzi kiçik pozuntular müşahidə edilsə də, lakin bütövlükdə seçkilər erməni xalqının iradəsini ifadə edib və ATƏT müşahidəçiləri seçkiləri yüksək qiymətləndirib.
Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70,43% (884456) nəticə ilə qalib gəlib. Bununla da bu ilin aprel-may aylarında başlamış xalq inqilabı qələbə ilə başa çatdı. Bir sözlə Ermənistanda demokratiya qələbə çaldı. Bu erməni xalqının uzun illər hakimiyyəti mənimsəmiş Qarabağ klanı, korrupsiya və seçki saxtakarlığı üzərində tarixi qələbəsidir, dəyişikliklərə, islahatlara səs verməsi deməkdir. Seçicilərin yarıya qədəri səsvermədə iştirak edib.
Gürcülərdən sonra ermənilər də demokratiyanın magistral yoluna çıxdılar. Son 20 ildə ölkəni girov götürmüş Ermənistan YAP-ı biabırçı şəkildə məğlub olub. Serj Sarqsyanın Respublika Partiyası 4,7% (59059) səs ilə dördüncü yeri tutdu. Qarabağ klanının oyuncağına çevrilmiş Daşnaksütyun Partiyası XX əsrdə ən ağır məğlubiyyətini yaşadı və 3,89% (48811) səslə parlamentə düşmədi.
Əminliklə deyim ki, Azərbaycanda demokratik seçkilər keçirilsə İlham Əliyev və YAP bundan da rüsvayçı duruma düşər. Bilirsiniz ki, 2015-ci ilin parlament seçkilərindən 22 gün öncə əldə etdiyimiz məlumatlar əsasında biz Milli Məclisə “seçiləcək” 125 nəfər deputatın siyahısını mətbuatda dərc etmişdik. Ondan 121 nəfəri doğru çıxdı. Bu 96 faiz demək idi. Elə saxtakarlığın səviyyəsi də təxminən bu qədərdir. Çünki 2008-ci ilin prezident seçkilərində ATƏT-in DTİHB saxtakarlığı 23 faiz, 2010-ci ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz, 2018-ci ilin aprelindəki prezident seçkilərinin isə xalqın iradəsini ifadə etmədiyin bəyan etmişdi. Bu, yüzə-yüz saxtakarlıq deməkdir. Bunlar indi öz seçki saxtakarlıqların, karusellərin, topa bülleten atmaların, seçkilərin nəticələrin seçkidən öncə hazırladıqların, min cür seçki hoqqabazlıqların utanıb qızarmadan ermənilərin adına səsləndirirlər.
Əli Kərimli: “Qarabağ məsələsində mövqeyimiz zəifləyir, biz də ləngimədən demokratikləşməliyik”
Ermənistanda keçirilmiş parlament seçkilərinin bizim üçün maraqlı olan nəticələri:
– Rusiya Ermənistandakı demokratik inqilabı boğa bilmədi. Paşinyanın parlament seçkilərində 70% səslə qələbə qazanması onun hakimiyyətinin hələ xeyli davam edəcəyindən xəbər verir;
– Ermənistan Rusiya ilə konfliktə getmədən Qərbə inteqrasiya kursunu davam etdirәcək. Cənubi Qafqazda demokratikləşmə və regionun dünyaya açılması aparıcı tendensiyaya çevrilir;
– Ermənistanda keçirilən seçkiyə ATƏT çox yüksək qiymət verdi. Ermənistan bir ildə 2 dəfə (apreldə dinc inqilab və indiki seçki) böyük demokratik nailiyyət əldə etdi. Ölkənin demokratik imici bütün dünyada getdikcә güclənir;
– Ermənistanın demokratik imici (xüsusilə də Azərbaycan hakimiyyətinin qeyri-demokratik və korrupsioner imici ilə müqayisədə) Qarabağ münaqişəsində bizim haqlı mövqeyimizi xeyli zəiflədir, Qarabağı bizdən uzaqlaşdırır.
– Biz Xocalı qatilləri olan Köçəryan və Sәrkisyanı cəzalandıra bilməsək də, bu qatillər nəhayət, siyasi cəza aldılar. Sәrkisyanın dünənə qədər hakim olan partiyası heç parlamentə düşə bilmədi;
– Erməni xalqı tək dünənki iqtidar partiyasını deyil, həm də iqtidarın cib müxalifəti olan “Daşnaksutyun” partiyasını da cəzalandırıb, parlamentdən kənarda qoydu (heç şübhəsiz ki, burada da belə olacaq).
Beləliklə, Ermənistanın demokratikləşməsi regionda demokratik dəyişiklik tendensiyasını gücləndirib, onun Rusiya nəzarətindən çıxarılması baxımından pozitiv proses olsa da, Azərbaycanda demokratik dəyişiklik ləngiyəcəyi təqdirdə, Qarabağ münaqişəsində bizim mövqeləri zəiflədə bilər. Bu situasiyada milli maraqlarımızı təmin etməyin tək yolu Azərbaycanın da ləngimədən demokratikləşməsidir.