Rafiq Manaflı
“Siz məni vətənimin azadlığı və müstəqilliyi uğrunda vuruşduğum üçün mühakimə etdiniz… Olsun! Siz güclücünüz – öldürün məni! Mən mərhəmət diləmirəm. Məni sağ qoysanız yenə əvvəlki işimlə məşğul olacam. Amma mənim qisasım alınacaq! Axıdın qanımı. Qoy çay kimi axsın!…
Müstəqillik əzabkeşlərinin qanı – azadlığı qidalandıran şəbnəmdir.”
Bu, Lui Bussenarın 1899-1902 illər ingilis-bur müharibəsinə həsr olunmuş romanında bur fermerinin məhkəmə çıxışıdır. Bu çıxışdan 15 il sonra bizim babalarımız bütün şərqdə ilk respublika qurdular.
İndi o çıxışdan 120 il keçib. Azərbaycan rejim-xərçəngi cəmiyyətimizi təkcə şişlərə məruz qoymaqla kifayətlənməyib, həm də xislətinə uyğun olaraq bizi geri, o illərə qaytarıb. Dünən Məmməd İbrahimin azadlığını qan kimi axıdıblar, bu gün Mehman Hüseynovun. Ağızlarından vurmasaq sabah Gözəl Bayramlı, Seymur Həzi və digər girov dostlarımızın, birisi gün də sənin, mənim qanımızı axıdacaqlar.
Bu artıq bir cəmiyyəti sivil, mədəni cəmiyyət edən qadağaların sındırılmasıdır. Bu artıq münasibətlərin rəqabət müstəvisindən çıxıb açıq müharibə müstəvisinə keçididir.
Hüquq mütəxəssislərinə müraciət edirəm – polisin, həbsxana əməkdaşının üzədurma əməllərinin qanunsuzluğu, yolverilməzliyi hüquqi əsaslandırılmalıdır. Özümüz bütün imkanlarımızı səfərbər etməliyik. Bu rejim durdurulmalıdır.
Rejim qandırılmalıdır. Ki, qan axmağa başlayacaqsa, o qan bu günkü şəraitdə məlhəm olmayacaq.