Naxçıvanda Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidovun özünü öldürməsi ilə bağlı məlumatlı mənbələr əməkdaşımız Natiq Ədilova ilginc bilgilər verib və əməkdaşımız aldığı bilgiləri özünün feysbuk hesabından paylaşıb. Həmin bilgiləri təqdim edirik:
***
Mirməhəmməd Seyidov Muxtar Respublika Daxili İşlər Nazirliyində şəxsən Fazil Ələkbərovun özünün iştirakilə 1 aya yaxın davam edən fiziki və mənəvi işgəncələrə görə həyatına son qoyub. Yəni o ölməyib, öldürülüb. Ən sonuncu dəfə, yəni dekabrın 30-da səhər onu yenidən DİN-ə çağırıblar. O, bu dəfə daha pis formada təhqir olunub və döyülüb.
M.Seyidova işgəncələrdə nazir F.Ələkbərov bəzən şəxsən iştirak etsə də, ona qarşı 1 ay davam edən qəddarlığın başında Əşrəf dururdu. Əşrəf bu yaxınlaradək MR DTX-nın rəisi əvəzi vəzifəsini tuturdu. Bu sistemə polisdən gətirilmişdi. İstər polis sistemində, istərsə də DTX-da və camaat arasında nifrət olunan biri idi.
Bu yaxınlarda Əşrəf Bakıda qızına MR rəhbərliyindən icazə almadan onlarla bahalı müğənninin işrirakilə təmtəraqlı toy etdiyinə görə Vasif Talıbovun qəzəbinə tuş gəldi və işindən uzaqlaşdırıldı. Lakin Fazil Ələkbərov onu yenidən DİN-ə qaytardı və özünün sağ əlinə çevirdi. Biləsiniz ki, Naxçıvanı artıq çox ciddi xəstə olan Vasif idarə etmir. Naxçıvan Fazil Ələkbərovla Talıbovun kiçik oğlu olan Seymurun əlindədir. Bu ikisi Naxçıvana divan tutur. Hamını alçaldır, təhqir edir, pullarını və hətta göründüyü kimi canlarını da əllərindən alırlar.
M.Seyidovun qatili də Fazil Ələkbərovla Əşrəfdir. Onlar da çox güman ki tapşırığı Seymurdan alıblar.
Fazil Ələkbərov və Əşrəf ləyaqətli insan olan M.Seyidovdan keçmiş Gömrük Komitəsinin sədri Asəf Məmmədova qarşı ifadə verməyi, həmçinin hansısa böyük cinayətləri öz üzərinə götürməyi və 30 milyon dollar pul verməyi tələb edir, əks halda onu keçmiş MTN naziri Vəli Ələsgərovun aqibətilə təhdid edirdilər. M.Seyidovun bacısı oğlu Şahin Şükürov təxminən 3 il əvvəl Asəf Məmmədovun Bakıda tikdirdiyi otelin tikintisinə nəzarət etmişdi. Onu da Naxçıvana çağıraraq Asəf Məmmədovun əleyhinə ifadə verməsini tələb edir, təhqir edir və döyürdülər. Hansı ki, o otel tikilib qurtarandan sonra Vasif Talıbovun Bakıda yaşayan oğlu Rza şəxsən otelə gələrək onu təhvil almışdı.
Sonuncu dəfə bacısı oğlunu Məhəmmədlə üzləşdirəndə də Əşrəf hər ikisini təhqir edib, işgəncə vermişdi. Ayın 30-da isə Əşrəf Mirməhəmmədi arvad uşağını nazirliyə gətirtdirəcəyi ilə hədələyib, arvadını, qızını söyüb, çox sevdiyi tək oğlunun başına oyun açacaqları ilə hədələyib. Bu təhqirlərə artıq dözə bilməyən Mirməhəmməd Əşrəfə deyib ki, burax gedim Naxçıvandakı evimin sənədini gətirib sənə verim, belə etmə. Elə bu məqsədlə də buraxıldıqdan sonra gəlib evindən tapançanı götürüb. Rayonun çıxışında isə maşından düşərək sürücüsünə getməyi tapşırıb. Maşın bir qədər aralandıqdan sonra ürək nahiyəsinə açdığı atəşlə özünü öldürüb. Hətta cənazənin Bakıya gətirilməsinə belə imkan vermirdilər. Camaat arasında böyük hörməti olan Mirməhəmmədin evinə insan seli axışdığından qarşıdurma ola biləcəyindən qorxaraq cənazənin Bakıya gətirilməsinə imkan verdilər.
Mirməhəmmədin qatilləri Fazil və Əşrəfdir. Ailəsi, yaxınları istintaqın Bakıda aparılmasını və Mirməhəmmədi intihara sürükləyənlərin cəzalandırılmasını tələb edirlər. Bu qan yerdə qalmayacaq. Günahkarlar layiqli cəzalarını almalıdır.
M.Seyidovun Bakıdakı yas mərasiminə vəzifəli-vəzifəsiz, minlərlə adamın axışması da onun qəddar qatillərinə xalqın verdiyi nifrət reaksiyası idi.