“Müsəlman Birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin yaxınları ona qarşı təxribat ola biləcəyindən narahatdırlar. Bu barədə Azadlıq Radiosuna onun ailə üzvləri danışıblar.
Onlar bildiriblər ki, Tale Bağırzadə özü ailəsilə telefon əlaqəsi saxlayıb və saxlandığı Qobustan həbsxanasında ona qarşı təxribat cəhdləri olduğunu söyləyib: “Həbsxana əməkdaşları onun yanında bloqqer Mehman Hüseynovu söyür, onu qıcıqlandırırlar. Yaxud gecə saatlarında gəlib heç bir əsas olmadan yuxudan oyadırlar. Vəkilini saatlarla gözlədirlər. Ən əsası, hazırda Talenin üzərində xəsarət var. Telefon danışığında səs tez-tez kəsildiyindən tam anlaya bilmədik ki, onu döyüblər, yoxsa özü-özünə xəsarət yetirib. Dediyinə görə, həbsxananın həkimi də xəsarətin olması barədə rəy verib”.
Ailə üzvləri ilahiyyatçının güclü iradəsi olduğunu bildirir və onun özünə xəsarət yetirməsinə inanmır. Amma onlar ehtiyatlanırlar ki, xəsarət barədə həkim rəyi ilə gələcəkdə törədilə biləcək başqa bir təxribata zəmin yaradırlar: “İstisna etmirik ki, Tale ilə bağlı xoşagəlməz plan ola bilər. Gələcəkdə bunu əllərində əsas götürə bilərlər ki, baxın, bundan əvvəl də özünə xəsarət yetirmişdi”.