“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov-unn ailəsi bildirir ki, onun durumu ilə bağlı narahatlıqları daha da artıb. İlahiyyatçı ailəsinə sonuncu telefon zəngində ona qarşı təxribat hazırlandığını deyib və vəkili bir gün sonra onunla görüşmək məqsədilə Qobustan həbsxanasına getsə də, bu mümkün olmayıb. Bu barədə T.Bağırovun ailəsindən məlumat verilib.
“Yanvarın 5-də vəkil həbsxanaya gedib, əvvəl deyiblər ki, gözləyin, çağırırıq. Bir qədər keçəndən sonra deyiblər ki, Taleh vəkillə görüşməkdən imtina edir”, – ilahiyyatçının ailə üzvləri bildirib.
Amma onlar T.Bağırovun vəkillə görüşdən imtinası barədə deyilənlərə inanmırlar. Yanvarın 4-də həbsxanadan evə zəng edən ilahiyyatçının təzyiqlərə məruz qaldığını və israrla bu haqda vəkilinə xəbər verilməsini, müdafiəçinin gəlib onunla görüşməsini istədiyini bildirirlər:
“Necə ola bilər ki, bir gün əvvəl özü israrla vəkillə görüşmək istəyirdi, ertəsi gün vəkil gedir, Taleh görüşə çıxmır? Mütləq şübhəli nəsə var. Bəlkə də ona elə xəsarət yetirilib ki, vəkillə görüşə buraxmaq istəmirlər”.
Penitensiar Xidmət isə T.Bağırovun təxribata çəkilməsi və xəsarət alması haqda iddiaları təkzib edib.
“Məlumatı həbsxana ilə dəqiqləşdirdim, heç bir təzyiq, təqib yoxdur. Ona heç bir xəsarət də yetirilməyib. Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”, – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov belə demişdi.
Azadlıq Radiosu