“Qobustan həbsxanasənın rəisi deyir ki, sənin qanını içərəm”
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin saxlandığı Qobustan həbsxanasında ona qarşı təzyiq və təxribatlar artıb. Vəziyyət o həddə çatıb ki, Taleh Bağırzadə özünə xəsarət yetirmək məcburiyyətində qalıb.
İlahiyyatçı bununla əlaqəar ictimaiyyətə müraciət edərək, baş verənlərin bir qismini açıqlayıb:
“Heç kimə sirr deyil ki, Əliyevlər hakimiyyəti Qobustan həbsxanasında bizi ləyaqətsiz şəkildə saxlayır. 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yediyimiz stol arasında məsafə heç bir metr deyil. Bütün bu çətinliklərə baxmayaraq, biz öz haqq davamız üçün nəinki 20 il, hətta ömür boyu həbsdə qalmağa hazırıq. Əqidmizdən dönməyə, haqq davamızdan vaz keçməyə isə əsla hazır deyilik. Biz bu mübarizədə nələrdən keçmədik ki…
Sifarişlə idarə olunan hakimiyyət nümayəndələri yenidən fəallaşaraq, öz yaramaz əməllərindən əl çəkməyərək, bizim konstitusiya ilə təminat verilən hüquqlarımıza açıq-aşkar təcavüz etməkdədilər. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar. Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun aqibətindən fərqlənməyəcək. Görün bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları bir-bir sadalamıram. Erməni məhbus Arsenin hüquqları müdafiə olunduğu, yağ-bal içində saxlandığı halda, öz vətəndaşlarına zülm edirlər. Hakimiyyət dini tolerantlıqdan dəm vurduğu halda, Qobustan həbsxanasının rəisi Avtandil Ağayev namaz qılarkən çiynimə atdığım əbanı oğurlatdırır, bədənimdəki xəsarətləri aktlaşdıran həkimə təzyiq göstərib, sənədi yoxa çıxartdırır. Bilmirəm, kimlər sifariş verir – Əliyev hakimiyyəti, xarici kəşfiyyat, yoxsa başqa qüvvələr… Avtandil Ağayrv Şəxsən mənim həyatımla oyun oynayır. Mənə deyir ki, sənin qanını içərəm.
Əziz bacı və qardaşlarım, sizdən xahiş edirəm, mənə görə həbsinizə səbəb olacaq, sizə ziyan gətirəcək heç bir addım atmayın. Allah şahiddir ki, qardaşlarımızın körpə uşaqlarının məsum baxışları qəlbimizi dağlayır. Həm də özünüzü daha böyük işlər üçün qoruyun. Allaha güvənərək, təkbaşına da olsa, öz əqidəmizlə, düşüncə və sözlərimizlə, hətta damarda axan qanımızla bu zalımlarla baş-başa gəlmək iqtidarındayıq. Allah bizimlə olduqdan sonra bu zalımlar kimdir ki?! Allah ən gözəl vəkildir. Hamınızı Allaha tapşırıram”.
Azadlıq.info