Həbsdə olan bloger Mehman Hüseynovun yanvarın 20-də prezidenti İlham Əliyevə müraciət ünvanladığı bildirilir.
Blogerin məktubunun mətnini Report agentliyi yayıb.
Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
“Mən – Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”, blogerin məktubunda deyilir.
Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov blogerin prezident Əliyevə müraciət etdiyini təsdiq edib.
“Mehman Hüseynov həqiqətən prezident İlham Əliyevə müraciət edib. Onun müraciəti saxlanıldığı təcridxananın rəhbərliyi vasitəsi ilə ünvanına göndərilib. Hüseynov həmçinin müraciətini media orqanlarına ünvanlayıb,” Sadıqov Amerikanın Səsinə bildirib.
Bununla yanaşı blogerin vəkiləri onun müraciətindən xəbərsiz olduğunu bildirib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.
Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.
Blogerə dəstək aksiyaları ara vermir. Azərbaycanda yanvarın 2-də ictimaiyyət nümayəndələrinin blogerə dəstək məqsədii ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.
Dünyanın müxtəlif ölkələrində də dəstək aksiyaları keçirilir.
ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Avropa Parlamenti 533 səslə “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Avropanın müxtəlif şəhərlərində, ABŞ-da siyasi məhbuslara azadlıq tələbi ilə piketlər keçirilib.
Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.
“Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir,” Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, iqtidarda olan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qətnaməsinə belə münasibət bildirib.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.
Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.
Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Amerikanınsesi.org