Əziz tələbələr!
Mitinq qabağı sizə hədə gəliblər ki, mitinqlərə getsəniz universitetlərdən qovulacaqsız. Bilirsinizmi bu mənə nəyi xatırlatdı? İllər öncə, Milli azadlıq hərakatı başlayanda bizi də eyni şəkildə hədələyirdilər ki, mitinqlərə getsəniz sizi Universitetdən qovacağıq.
Hətta başıma gələni belə sizinlə paylaşa bilərəm.
Yenə mitnqlər başlamışdı. Biz qatılmağa qərarlıydıq, o zaman dekan olan Aqil müəllim qarşımıza keçib bildirdi ki, Universiteti tərk etsəniz qovulacaqsız.
Amma biz hamımız, cox sayda tələbə oranı tərk etdik!
Oranı tərk edəndə bizə hədə gələnlərə də dedi ki, qayıdacağıq və öz Universitetimizi də, hətta sizi belə bu qorxudan azad edəcəyik. Çünki inanırdıq ki o Universitetdən bizi kimsə qova bilməz, bilirdik ki, biz çox olsaq, oranı 1, 5, 10 nəfər deyil, yüz nədər tərk etsək, bizi qova bilməzlər.
Tərk etdik də…
Haqlı da çıxdıq!
Hətta O Universiteti tərk edəndə ora Kirov adına idi, amma qayıdanda öndərimiz Rəsulzadənin adını daşıyırdı.
Bu gün sizə də hədə gəlirlər. Amma o universitetlərdən sizi kimsə qova bilməz. Çünki bu ölkənin də, o universitetlərin də sahibi sizsiniz.
İndi ölkədə yeni bir mərhələ başlayıb və bu mərhələnin qalibiyyətlə bitməsi həm də sizdən asılıdır. Düşünməyin ki, icazəli mitinqlərlə heç bir dəyişiklik olmayacaq, Zənn etməyin ki. sizin arzularınızı, gələcəyinizi oğurlayanlar sizə sahib çıxacaq.
Bu gün siz kasıbçılığın və depresiyanın girdabında boğulursunuz. Sizdən soruşuram. Xəyallarınızı gerçəkləşdirə bilirsinizmi? Səyahət edə bilirsinizmi? Şəxsiyyətinizi qürurunuzu bu səsi və ədaləti boğulmuş ölkədə qoruya bilirsinizmi?
Gəncliyinizi yaşamağa, əylənməyə, mütaliə edib savadlanmağa, yaşadığınız dünyanı, kimliyinizi tanımağa imkan varmı bu ölkədə?!
Yoxdur!
Bu üzdən ölkədə gedən proseslərdən kənarda qalmayın və 26 yanvarda, ondan sonra baş tutacaq mitinqlərə qatılın.
Bu siyasi savaş deyil. Bu sizin xəyalınızda qurduğunuz, hər kəsin özünü ifadə edə, istədiyi kimi yaşaya biləcəyi bir ölkəni qura bilmək uğrunda savaşdır.
Sizi bu gün universitetlərin divarları arasında savadsızlaşdırmaqla, rüşvətə öyrətməklə məhv edirlər. Oranı bitirib orduya qatılanda orduda öldürəcəklər, intihara sürükləyəcəklər. Haqqınızı tələb edəndə həbs edəcəklər. Həyata atılıb ailə qurmaq istəyəndə, ya da başqa xəyallarınızın arxasınca getmək istəyəndə arzularınızı gözünüzdə qoyacaqlar. Evini qura bilməyən, kirayələrdə ömür cürüdən,depresiya və kasıbçılığın gətirəcəyi əzabdan başqa bir şey gözləmir sizi…
Çünki bu ölkədə gözü doymayan, davamlı talayan, zülmkar, ədalətsiz və sizin xəyallarınızdan, ömrünüzdən bəslənən vampir xislətli bir rejim var.
Birlikdə və çox olduqda kimsə sizə nəsə edə bilməz. Fərqli yanaşmaları olan sizlər bir ideya ətrafında birləşin, ölkənizin azadlığı və tam sizə məxsus olması üçün əl-ələ verin.
O qədər sıx birləşin ki, sizi kimsə ayıra bilməsin.
Sizi birləşdirəcək o enerjisə meydandadır və mən sizin hamınızı ora səsləyirəm.