“Hazırda Ermənistanda və Gürcüstanda parlaq demokratik nöqtələr yaranmaqdadır, baxmayaraq ki, onlar daha az demokratik İran, Rusiya və Türkiyə kimi ölkələrin arasında yerləşirlər. Hər iki ölkə demokratik qazanclarını möhkəmləndirməyə, yoxsulluğa qalib gəlməyə, eyni zamanda Rusiya və separatçı münaqişələrin yaratdığı təhdidləri də idarə etməyə çalışır. Qərbin əsas diqqətinin Rusiyanın Ukraynaya təcavüzünə yönlənməsinə baxmayaraq, Cənubi Qafqazın bu iki ölkəsindəki müsbət prosesləri də həvəsləndirə bilər“.
Bunu “The National Interest” dərgisində Denis Corboy, William Courtney, Kenneth Yalowitz yazır.
“Ermənistanda demokratik inqilab və Gürcüstandakı proqres dünyada demokratiyanın “mühasirədə” olması fikirlərinə ziddir. Ermənistanda baş nazir Nikol Pashinian-ın yeni hökumətinə dəstək böyükdür, korrupsiyayla mübarizədə, şəffaflığı artırmaqda, ictimaiyyətin hökumətə inamını bərpa etməkdə qərarlı görünür.
Gürcüstan isə müstəqil müşahidəçilərin ümumilikdə təriflədiyi ardıcıl parlament və prezident seçkiləri keçirməklə demokratiya quruculuğuna doğru möhkəm addımlar atır. Doğrudur, ötənaykı prezident seçkisinin ikinci raundu qüsurlu keçib… Beynəlxalq müşahidəçilər administrativ resurslardan sui-istifadəni, vətəndaş cəmiyyəti təşkilatlarına, hamıya bərabər şərait yaradılmamasını tənqid edib“, – yazan müəlliflər iki ölkənin beynəlxalq indekslərdə mövqelərini də yaxşılaşdırdığını vurğulayır.
“Yanvarın 19-da Bakıda minlərlə nümayişçi korrupsiyayla mübarizə aparan bloqqer Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbiylə etiraza çıxdı. Bu da Ermənistan və Gürcüstandakı demokratik uğurların Azərbaycana təsir göstərməsinə dair suallar yaratdı.
Ermənistan və Gürcüstan demokratiyalarını möhkəmləndirmək, həyat standartlarını yaxşılaşdırmaq yönündə islahatları dərinləşdirməlidirlər. Ancaq bu prioritetləri gerçəkləşdirən ölkələrə Qərbin davamlı, güclü dəstəyi lazımdır. Ermənistanla Gürcüstan daha geniş region üçün demokratik inkişaf modelinə çevrilə bilər. Bu arada Cənubi Qafqazın Avropa, Yaxın Şərq və Avrasiya arasında strateji və enerji kəsişmə nöqtəsi kimi əhəmiyyəti də yüksəlməkdədir”, – məqalədə vurğulanır.
azadliq.org