Demokratik Qüvvələrin Milli Şurasının 26 yanvarda keçirmək istədiyi mitinqinə icazə verilməyib.
Mitinqin təşkilat komitəsinin üzvü İbrahim İbrahimli bu gün Bakı Şəhər İcra Hakimiyyətdən rəsmi cavabı götürüb. BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.
Milli Şuranın Koordinasiya Mərkəzindən verilən məlumata görə, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
“Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. İddia edirlər ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək”.
Bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət vermişdi.
Sonuncu mitinq yanvarın 19-da keçirilib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi.
Mitinqdən sonra Bakı Şəhər Polis İdarəsinin açıqlamasında ictimai asayişin pozuntusu hallarının qeydə alınmadığı bildirilmişdi.
Ancaq 3 gün sonra Daxili İşlər Nazirliyindən yayılan açıqlamada mitinqdən sonra ictimai asayişi pozanların olduğunu və onların cəzalandırıldığı deyilirdi.