İlham Hüseyn
19 yanvar mitinqindən sonrakı canlanmanı, inamı, coşqunu hamımız gördük. Bunun ardınca növbəti mitinq 26 yanvara təyin edildi. Hökumət çox düşündü, hesabladı və bu mitinqə razılıq vermədi. Başa düşürəm ki, mitinqə razılıq verilməməsi xeyli insanı məyus etdi, adamları kədərləndirdi və.s Hətta onu da müşahidə edirəm ki, bədbinlik libasına bürünmüş bəzi adamlar “daha qələbə əldən çıxdı” toxumu səpir.
Əziz həmvətənlər, bizim bir mitinqə razılıq verilmədiyinə görə həvəsdən düşməyə haqqımız varmı? 10, 15, 20 il həbs cəzası almış dostlarımız içəridən inam nümunəsi göstərirlərsə, 25 ildir bu rejimlə tək mübarizə aparan müxalifətçilər qətiyyən məyus olmurlarsa, mitinq iştirakçıları niyə həvəsdən düşməlidir? Bundan qat-qat az adamın iştirak etdiyi mitinqlərdən sonra “biz bacararıq” dedik, dostlarımız həbs edildikdən sonra “biz güclənəcəyik” dedik, bizi həvəsdən salanlara “qələbə bizimlədir” söylədik və 19 yanvar mitinqiylə buzu sındırdıq. Ona görə də 26 yanvar mitinqinə razılıq verilməməsini qələbənin mesajı kimi dəyərləndirməliyik. Nəhayət dərk etməliyik ki, 20 min insanın etirazından başını itirən hökumət, 50, 100 min insanın qarşısında ağ bayraq qaldırar. Yəni, bu mitinqin təxirə düşməsini “razılıq verilməyən qələbə” kimi düşünək. Qarşıda böyük bir il var və biz bu ili mitinqlərlə keçirəcəyik. Biz adətən qış aylarında mitinq keçirmirdik. Amma bu ilin etiraz hərəkatına qışdan başladıq və Allahın köməyi ilə qələbəylə başa vuracağıq
Demək istəyirəm ki, belə məsələlərdə məyusluq məğlubiyyətlə nikaha girməkdi. Biz isə məğlubiyyəti boşamışıq və yalnız qələbəylə nikahlanmaq haqqında düşünürük.
İndi nə deyirsiz? Bu şərəfli yolda sona qədər birlikdəyikmi? Növbəti mitinqə daha çox adamla qatılacağıqmı? Mən şəxsən qələbəyə tam əminəm və hökumətin heç bir addımı bu inamı sındıra bilməz. Biz qətiyyən geriyə çəkilmirik. Rejim geriyə çəkildi və biz növbəti yüksəkliyi tutmaq üçün irəliləyəcəyik.