Qaydasız döyüş növü üzrə tanınmış idmançı Xamis Məmmədovun ölüm səbəbi məlum deyil, həkimlər deyiblər.
Onun aparıldığı 3 saylı Sabunçu Klinik Tibbi mərkəzdən deyiblər ki, idmançının vəziyyəti yaxşı olub və evə buraxılacaqmış.
Səhiyyə Nazirliyi isə bildirib ki, “bütün reanimasiyon tədbirlərə baxmayaraq, idmançının vəziyyəti getdikcə kəskinləşib və yanvarın 26-da o vəfat edib”.
İdmançının qardaşı Xəlil Məmmədov hesab edir ki, qardaşının ölümünə “həkimlərin laqeydliyi” səbəb olub.
Onun qardaşı deyib ki, Xamis Məmmədovun hər hansı xəstəliyi olmayıb: “Adi soyuqlamaydı. Gecə keçinib, heç kimin xəbəri olmayıb. Səhər saat 11-12 olardı, mənə dedilər ki, o keçinib. Gecə yanında adam olmayıb. Gecədən müdaxilə edən olsaydı, ölməzdi”,- Xəlil Məmmədov bildirib.
Xamis Məmmədovun vəfat etdiyi 3 saylı Sabunçu Klinik Tibbi mərkəzin rəhbərliyi isə deyir ki, Xamis Məmmədovun xəstəliyi yüngül olub və buna görə də xüsusi nəzarət tələb etməyib.
“Telefonla danışanda dedi ki, məşq edib, sonra hamama girib çıxıb və soyuqlayıb. Özünə arxayın idi ki, mənə heç nə olmaz. Həmişə belə edirdi”,- idmançının qardaşı Xəlil Məmmədov deyib.
“Tromb ola bilər”
Xəlil Məmmədov onu da deyib ki, qardaşı son zamanlar heç bir xarici ölkədə olmayıb və yayılmış donuz qripinə yoluxması “mümkünsüzdür”.
Xəstəxananın baş həkimin müavini Cahangir Həsənov bildirib ki, vəfat edən idmançının vəziyyət yaxşı olub.
“O, ümumi palatada, terapiya şöbəsində yatıb. Onu evə göndərməyə hazırlaşırdılar. Dünən axşam son təyinatını alıb və ona lazımi dərmanlar verilib. Görünür hansısa tromb olub və bunu da aşkar etmək mümkün deyil”,- Cahangir Həsənov deyib.
Xəstəxananın baş həkim müavini bildirib ki, idmançılarda tez-tez mikro travmalar olur və bədəndə olan zədələr trombların yaranmasına səbəb olur.
“Trombu xəstəxanaya gətirəndə müəyyən etmək olmur. Yalnız əvvəlcədən dəqiq məlum olsa ki, orada tromb var, o zaman biz onu ixtisaslaşmış müəssisələrə göndəririk və orada xüsusi cihazlar vasitəsiylə onu aşkar etmək olur”,- Cahangir Həsənov əlavə edib.
Həkim onu da deyib ki, ölümün dəqiq səbəbini müəyyən etmək istəyiblər, amma idmançının ailəsi meyidin yarılmasına icazə verməyib.
Səhiyyə Nazirliyindən verilən açıqlamada deyilir ki, Xamis Məmmədov yanvarın 24-də Sabunçudakı 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Nazirliyin məlumatına görə, “bütün reanimasiyon tədbirlərə baxmayaraq, idmançının vəziyyəti getdikcə kəskinləşib və 26 yanvarda vəfat edib”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, Xamis Məmmədov müalicə müəssisəsinə qəbul edilərkən ona lazimi reanimasiyon tədbirlər həyata keçirilib və vəziyyətdən çıxarılıb.
“Xəstəyə, ilkin rəyə əsasən ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub və ölüm hadisəsi qəfil olub. Onun müayinəsində donuz qripi diaqnozu onda aşkarlanmayıb”,- Səfayə Əhmədova deyib.
Səhiyyə Nazirliyinin rəsmisi əalvə edib ki, Azərbaycanda heç bir donuz qripinə yoluxma halı qeydə alınmayıb.
Xamis Məmmədov doğulduğu Sabirabad rayonunda dəfn olunub.
BBC News Azərbaycanca