“Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri, Qobustan həbsxanasında cəza çəkən Hacı Tale Bağırzadənin növbəti müraciəti yayılıb:
Əziz bacı və qardaşlarım!
Uzun illərdir ki, Azərbaycanda baş alıb gedən ədalətsizlik elə bir həddə çatıb ki, artıq insanlar doğrudan da cana doyub. Bir xalqa bu qədər zülm etmək, qanunsuzluqla, haqsızlıqla onun səsini boğmağa çalışmaq gözlənildiyi kimi, əsk effekt verdi. 19 yanvar mitinqi də bu etirazın, əks effektin nəticəsi idi.
Hər dəfə “bizim xalqımız mübarizə apara bilmir” dedikdə mən etiraz edirdim. Müsəlman xalqlarının yaşadığı bir çox ölkələrdə olmuşam, təhsil almışam, amma öz xalqımız kimisini görməmişəm. Təmiz ruha və mərd xüsusiyyətlərə sahib olan xalqımızın bir gün öz haqqını təkrar zülmkarlardan tələb edəcəyinəsə heç vaxt ümidimi itirməmişəm. Hətta mənə “bu xalq üçün ömrünü zay etməyə dəyirmi?” deyib tənə edənlər də olub, amma heç vaxt etdiklərimə görə peşman olmadım, bundan sonra da olmayacağımdan əminəm İnşallah!
19 yanvar mitinqinin əzəməti haqqında duydum və eşitdiklərimlə qürur duydum. Bu qüruru mənə və əqidədaşlarıma yaşatdığı üçün Azərbaycan xalqına təşəkkür edirəm. Bir daha əmin oldum ki, xalqımın azadlığı uğrunda çəkdiyim əzablar boşuna deyilmiş.
Həm ağır, həm də şərəfli günlər yaşayırıq. Bir çox hallarda məğlub kimi göründük, amma o belə ləyaqətli məğlubiyyətdi və biz bu saatdan sonra ləyaqətli qalibiyyəti də dadmalıyıq. Buna bizim haqqımız çatır. Əminəm ki, xalqımız Milli Şura və AXCP-nin verəcəyi doğru və qətiyyətli qərarlarla bu qalibiyyətin şirinliyini dadacaq və mən Cəmil Həsənli, Əli Kərimliyə bu əzmkar mübarizələrinə görə təşəkkür edirəm. Onlara bu yolda hər kəsin dəstək olması istəyini dilə gətirib bildirirəm ki, indi ayrılıqlar, təfriqə və dönüklük zamanı deyil, birlik, bərabərlik, səbr və təmkin, düzgün qərarların arxasında olmaq zamanıdır.
Təftiş deyil, təmkin zamandır. Uca xalqımın məhz bu yolu tutub nəhayət ki, haqq etdiyi azadlığı qazanacağında heç şübhəm yoxdur.
Əziz həmvətənlərim!
26 yanvar mitinqinə icazə verilmədiyini də eşitdim və sizi əmin edərəm ki, bu hakimiyyətin sizdən qorxmasının nəticəsidir. Əgər bu olmasaydı , onlar sizdən, gücünüzdən çəkinməsəydi, bu qədər qorxaqcasına davranmazdı. Bu illər ərzində sizin müvəqqəti susqunluğunuz onları o qədər arxayın salmışdı ki, hər zaman belə olacağını zənn edirdilər.
Amma olmadı və siz 19 yanvarda bu həqiqəti onların üzünə çırpdınız.
Bu gün məyus olmaq, geri çəkilmək, “alınmadı” deyib ilk həmlədən mübarizədən soyumaq bizə yaraşmaz. Biz o xalqıq ki, Milli Azadlıq hərakını tanklarla məhv etməyə çalışan imperiyanın şər qüvvələrinə qarşı dirəndik və nəhayət bacardıq. İndi də hakimiyyət qorxusunu gizlətmək üçün min bir hiylə, namərdliyə əl atır və sizin qəlbinizdə boy atmağa başlayan etirazı məyusluqla, inamsızlıqla məhv etməyə çalışır.
Biz indi, qalibiyyətə bu qədər yaxınlaşarkən buna imkan verməməliyik. İnanın və bu inamı kimsənin öldürməsinə izn verməyin. Unutmayın ki, inamsız qəlbdə şeytan hökmranlıq edər. İnamsızlıqla qəlbinizin qapılarını şeytanların fitnəsinə taybatay açmış olursunuz. Buna imkan verməyin, şeytanların yaradacağı vəsvəsəni yaxın buraxmayın.
Allahın mərhəməti üzərinizə olsun!