Natiq Güləhmədoğlu
Anti-Milli Məclisin bugünkü (1 fevral tarixli – red.) müzakirəsini oxudum. Siyavuş Novruzov və onun parlamandakı sədri Oqtay Əsədov xeyli şikayətləniblər.
Şikayət bu məzmundadır ki, İlham Əliyev, onun atası təhqir olunur, onların ünvanına mentalitetə yaraşmayan sözlər deyilir, bunun qarşısın almaq lazımdır.
Onların sözündə həqiqət var. Belə hallar müşahidə olunur. Biz şahidik ki, sosial şəbəkələrdə, müxtəlif internet resusrlarında hakim ailə çox amansızlıqla atəşə tutulur. Gəlin, etiraf edək, Azərbaycan coğrafiyasında ta əzəldən heç bir hökumdar İlham Əliyev qədər qara kütlənin dilində olduğu həcm və intensivliklə aşağılanmayıb, hörmətsiz edilməyib.
Bəli, bu yeni fenomendir. Kütlə psixologiyası barədə kitab oxuyan, müəyyən bilik sahibi olan hər kəs dediklərimə görə mənə şahid duracaq: Adətən belə olur, hətta yaxşı keyfiyyətləri ilə seçilən hökumdarların taxtdan düşəndə kütlə ona qarşı rəhimsiz olur, onu tapdamağa, alçatmağa macal axtarır. Kütlə gücsüzü (iqtidarı itirəni) sevmir, ona qəzəb duyur.
Amma gərdişi dövrana bax, Əliyev taxtda olduğu halda o yıxılmış hökmdarların aqibətin yaşayır. Elə bilirsiniz ki, o siyavuşları, zahidorucları dilə gətirən şeyləri görmür, hiss etmir. Edir, edir, tam əmin olun. Kim bilir hər səhər yuxudan onu gecəylə bilaixtiyar göz yaşı ilə islatdığı yasdığının nəmi oyadır. Mövzunun istiqamətin dəyişməyək, bir daha təsdiqləyək: Siyavuş da, Oqtay da orasın düz deyir. hakim ailə hər gün daha çox, daha amansız qaydada geniş xalq kütələri tərəfindən yerdənyerə vurulur və onların arasında söyüşlər, alçaldıcı ifadələr də var. Niyə belə oldu və ya olur? Budur əsas məsələ.
Hakim rejim o parlamanda oturanlar hətta bu ağır günlərində görürük ki, bəlaya düzgün diaqnoz qoya bilmirlər, yaxud buna təfəkkürləri imkan vermir. Onlar unudur ki, o söyüş söyənlərə nümunəni, cürəti, ixtiyarı onlar özləri verib. Axı biz elə o parlamentin tribunalarından, tele-efirdən hakimiyyət nümayəndələrinin latayırlarını az eşitməmişik. Axı hamının gözü qabağında olan hadisədir: bu adamlar onları normal, etik və hüquqi qaydalar çərçivəsində tənqid edən, onlara müxalifətçilik edənləri ağır formada söydüyünə görə deputat, icra başçısı və s ediblər. Bəli, məhz normal tənqidçiləri söydüyünə, təhqir etdiyinə görə Azərbaycanda deputat, icra başçısı qayırılanlar var. Bunu kim bilmir ki?
Siyavuş Novruzov keçən il apreldə təşəbbüs göstərdi, ziyalılara, müxalif liderlərə təhqir ritorikasının yığışdırılması ilə bağlı çağırış etdi. Normal da cavablar aldı. Yaxşı bəs o işin davamı niyə gəlmədi? Təklif ciddi idisə, səmimi idisə, özlərinin, rəhbərlərinin, eləcə də mentalitetimizin təəssübün doğrudan çəkəndilərsə, niyə “seçki” bitən kimi bu söhbət də bitdi. Əksinə, trollarla, əllərindəki 1-ci qrup əlil olan mediaları vasitəsi ilə yenə qayda-qanun çərçivəsində, son zamanlar dəbə minən ifadə ilə desək, qırmızı cızgilərə hörmətlə yanaşan adamlara qarşı total qara PRgücləndi. İndi Siyavuş müəllim hətta açıqca deyir ki, biz də söyənləri söyməliyik. Sanki, bu vaxta qədər ağız orucu tuturmuşlar.
Ən maraqlısı və təəssüfləndiricisi, baxın bunlar vəziyyətdən çıxış yolun nədə görürlər. Spiker deyir: “Biz mətbuat haqda qanuna yenidən baxmalıyıq”. Villan yıxılsan ay qocaman Oqtay Əsədov. Rəhmətliyin nəvəsi, Saturunun ətrafında cövlan edən kosmik toz-torpağın da xəbəri var ki Azərbaycanda media deyilən şey qalmayıb, sən onun qanunun dəyişsən nə olacaq, dəyişməsən nə olasıdır?!
Azərbaycanda media qoymsunuz qala? Qalanlar da sizi mədh etməklə məşğuldur. Yox, düşünürsünüzsə ortada qalan 2-3 müstəqil sayt vəziyyəti tündləşdirir o zaman, istedadlı bir medium tapıb rəhmətlik Ağabəy Sultanovun ruhu ilə müalicə əhəmiyyətli söhbətə girişin. Bilmirəm, bunu sizin üçün yazmağın bir əhəmiyyəti var ya yoxdur, yenə də deyim: Siz normal, azad medianı məhv edəndə, problem həll etdiyinizi düşündünüz, amma dərk etmədiniz ki, Marksın təbirincə desək, bu qaba hərəkətlə öz qəbirinizi qazdınız. Hələ keçən əsrdə doktor Freyd deyirdi ki, basdırılan duyğular məhv olmur, onlar başqa cildə girib daha aqressiv formada geri dönür. Sizi, elə hamımızı çimsindirən o siyasi qılaflı söyüşlər, boğduğunuz, normal ifadəsinə imkan vermədiyiniz tənqidlərdir. Amma, yenə də bu işlərin bir çarəsi var. Təki istək olsun.