AXCP sədri Əli Kərimli Azərbaycanın görkəmli ziyalısı Rüstəm İbrahimbəyovu 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Bu gün öz sənəti və yaradıcılığı ilə Azərbaycanın dünyada ən çox tanınan ziyalısı Rüstəm İbrahimbəyovun 80 illik yubileyidir. Hörmətli Rüstəm bəyi bu müdriklik yaşında ürəkdən təbrik edirəm. Rüstəm bəy Oskar mükafatçısı, Kann festivalının qalibi, Fransanın ən yüksək Ədəbiyyat və Sənət Ordeninə layiq görülmüş, Türkiyənin “Altun portağal” mükafatını almış, Amerika Kino Akademiyasının üzvü olan böyük sәnәt adamı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Demokratik Qüvvələrin Milli Şurasının fəxri sədridir.
Rüstəm bəy yarım əsir öncə “Bir cənub şəhərində” filmi ilə böyük sənətə və ölkənin ictimai-siyasi həyatına qədəm qoyub. Tam yarım əsirdir ki, o, sənətin də zirvəsində, ölkənin ictimai-siyasi gündəmində də yerini qoruyub saxlayır. Rüstəm bəy ilk növbədə güclü ssenarist və dramaturqdur, istedadlı adamdır. Rüstəm bəy hər zaman azadlığa can atan, axına qarşı üzməkdən qorxmayan, tabuları dağıdan sənətkardır. Rüstəm İbrahimbəyov Sovet dövründə də, müstəqillik illərində də qadağalarla barışmayıb. Onun xarakterindəki azadlığa can atmaq heç zaman onu tərk etməyib. Heç şübhəsiz ki, belə bir şəxsiyyət son illərdə ölkəmizdə yaşanan dəhşətli haqsızlığa və ədalətsizliyə də susa bilməzdi və susmadı. Azərbaycandakı vəziyyəti “heç vaxt ölkənin idarə edilməsinə bu qədər acgöz və səriştəsiz adam cəlb edilməmişdi… ölkədə yaranan situasiya normal adamda utanc və kədər hissi yaratmaya bilməz…” sözlərilə təsvir etmiş böyük ziyalı 2012-ci ildə Ziyalılar Forumunu, 2013-cü ildə Milli Şuranı yaratmaq təşəbbüsü ilə çıxış etdi. Rüstəm bəyin bu təşəbbüsləri xalqımız, ölkənin ictimai-siyasi qüvvələri tərəfindən yüksək qiymətləndirildi. Rüstəm bəy Milli Şuranın ilk sədri və demokratik qüvvələrin 2013-cü ildə prezidentliyə vahid namizədi seçildi. Onun bu təşəbbüsləri rejimə ciddi bir qorxu yaşatdı. Paradoksa baxın ki, rejimin tapşırığı ilə bəzi dayaz düşüncəli insanların “Rusiya projesi” adı ilə damğalamaq istədiyi Rüstəm bəyi rejim məhz Rusiyanın köməkliyilə prezident seçkilərindən kənarda saxladı. İstədiyi nəticəni əldə edə bilməsə də, Rüstəm bəy əlindən gələni etmişdi. O, xalqının ziyalısından hərəkət, mövqe gözlədiyi bir zamanda susmamışdı, bacardığını etmişdi. Elə bu günlərdə qələmə aldığı “Uğurlu məğlubiyyət” yazısında hörmətli Rüstəm bəy bir daha təsdiq edir ki, xalqın azadlıq mübarizəsinə qoşulduğu üçün peşman deyil. Son illərdə yaşadığı bütün çətinliklərə, təzyiqlərə, məruz qaldığı mənəvi terrora rəğmən vicdanının səsini eşitdiyi üçün həyatından məmnundur.
Hörmətli Rüstəm bəyi yubileyi münasibbətilə bir daha təbrik edirəm. Ona can sağlığı, yaradıcılığında və işlərində uğur arzu edirəm. Allahın verdiyi ömrü sona qədər ləyaqətlə yaşamağı arzulayıram.