Azərbaycanın indiki baş nazirinin qamışa, qarğıya cərimə kəsməsi barədə xəbəri oxuyanda o böyük kişilər, qurucu babalarımız yadıma düşdü. Kim oxumayıbsa bunu oxusun, oxuyanların da təkrar oxumasının heç ziyanı olmaz. İraq olsun, Nəsib bəyi kiminləsə müqayisə etmək istəmirəm, istəmərəm. Sadəcə yadıma düşdü…
Nağı Şeyxzamanlının xatirələrindən
Nəsib bəy Yusifbəyli
Azərbaycan Cümhuriyyətinin əksinqilab ilə mübarizə idarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedər və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar Baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər Kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi. Saat 11:30-a qədər gözlədim. Sonra yenə dəftərxana müdirinə , – “Qardaşım, yəqin unutdu. Zəhmət olmasa bir də xatırladın”,- dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə, -“Unutmadım, gözləsin deyir”, – dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı saat 8-dən 14-ə qədər idi. Saat 14:00-da Nəsib bəy kabinetdən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstə idik.
Mən, – “Nəsib bəy, sabah vəzifənizə gəlincəyə qədər burada gözləyimmi?”- dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artı və “Yox, canım, səni bərabər çıxmamız üçün gözlətdim”, – dedi. Binadan çıxaraq Baş Nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasında oturaraq nahar etdik. Nəsib bəy, – “Əgər səni gələn kimi qəbul etsəydim, doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edə bilərik”, – dedi. Bu zaman vəziyyətini soruşduğum Nəsib bəy, -“Heç bir zaman səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tbilisidə maarif naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycanın istiqlalını elan etdik. Cumhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdiyi gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla –sıxıla bir az maddi köməklik edirdim. Ancaq baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratamaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olmağa vaxt tapa bimədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə varsa hamısını yazıb:
”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?“
Nəsib bəy universitet tələbəsi kimi yay tətilində başqa tələbələr kimi Gəncəyə qayıdırdı. Biz onu axşam şəhər klubuna gəldiyimiz vaxt qarşılayırdıq. Nəsib bəyin gəlişində daima bir fövqəladəlik olurdu. Başqa tələbələr gəldiyi zaman qohum-əqrəbaları sevinir, dostları da “xoş gəldin” deyirlər. Ancaq Nəsib bəyin gəlişi klubun hər sinfinə mənsub üzvləri arasında sevincə səbəb olurdu. Hər kəs onu axşam yeməyinə dəvət edərdi. Nəsib bəy isə təşəkkür edər və “Söz vermişəm ki, ilk gəldiyim günün axşamı yeməyimi gənclərlə yeməliyəm” deyirdi…
Yazı Rövşən Hacıbəylinin Facebook statusundan götürülüb