Abşeron sakinləri “səs oğrusu Oqtay Əsədovu istəmirik” deyir
İlk öncə qeyd olunmalıdır ki, İcra hakimiyyəti hamını spiker üçün səfərbər edib. Yəni Abşeronda seçki deyilən bir şey olmadı. Əsədovun nümayəndələrinin isə bir arqumentləri var: “Oqtay müəllim, Məzahir Pənahova və MSK-ya artıq tapşırıb məsələni. Məzahir müəllim deyib ki, səs-küy yatsın bir az, hər şey yaxşı olacaq”. Lakin xalqımız, Abşeron camaatı belə düşünmürlər. Əsədov, Rəcəbli və diqər özünü buraxmış deputatlar sosial mediada ulduza çevriliblər. Ümumiyyətlə, ölkə tarixinin ən rüsvayçı parlament seçkisi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Vətəndaşlar müxtəlif dairələrdən ünvanımıza saysız-hesabsız saxtakarlıq faktları göndərərək, onların işıqlandırılmasını xahiş edirlər. Belə bir müraciət də dünən Abşeron rayonu sakinlərindən gəlib. Müraciətdə qeyd olunur ki, 45 saylı Abşeron seçki dairəsində əhalinin böyük hissəsi seçkini boykot edib, faiz nisbəti ilə götürsək, burda ümumiyyətlə seçki olmayıb. Məntəqələrə yalnız məktəb müəllimlərinin məcbur etdiyi müəllimlər və təşkil olunmuş büdcə təşkilatlarının işçiləri gətirilib. “Bu şərtlərdə hər kəs Oqtay Əsədovun neçə deputat seçildiyinin sirrini çözməyə çalışır. Sirri isə bu ərazidə hər kəs bilir. Mətbuatın da yazdığı kimi, dairədə 1 saylı məntəqənin sədri Ülviyyə xanım icra başçısının müavini Fuad Cəbrayılov tərəfindən gələn göstəriş əsasında ərazisinə aid olmayan adamları çağırtdıraraq, qutuya Oqtay Əsədovun adına yüzlərlə bülleten atdırıb. Həmçinin siyahıda adları olmayanlar və digər vətəndaşlar da 15 ilin spikerinə səs vermək üçün səfərbər edilib.
Qəsəbələrdə məktəb müəllimləri, bağça rəhbərləri və işçiləri Fuad Cəbrayılovun göstərişi ilə spiker üçün dəridən, qabıqdan çıxıblar. Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub. Tələb edirik ki, kobud pozuntuların qeydə alındığı dairələrlə bağlı qərar verən MSK 45 saylı Abşeron dairəsinin də məsələsinə baxsın. 10 ildir bu ərazidən deputat olan Oqtay Əsədovun üzünü belə görməmişik. Bu 10 ildə problemlərimizi danışmağa bir açıq qapı olmayıb, hansı üzlə onu yenidən bizə deputat göndərirlər? Burdan ölkə ictimaiyyətinə səslənirik ki, hamı bilsin: biz Oqtay Əsədova səs verməmişik, artıq yeni, xalqın dərdinə can yandıran bir millət vəkili istəyirik.” Abşeron sakinləri yazdıqlarına sübut olaraq, məntəqələrdəki pozuntuları əks etdirən video-görüntüləri də ünvanımıza göndəriblər. Həmin video-görüntülər artıq sosial şəbəkələrdə də yayılıb.
Namizədlər Əsədovun saxta qələbəsini MSK-ya şikayət edib
Xatırladaq ki, seçkidən təxminən 10 gün əvvəl Abşeron rayonu ərazisində “siz Abşeron rayonunun deputatını tanıyırsınızmı?” sualı ilə bir video-sorğu keçirilmişdi. Cavab verən onlarla sakin arasında yalnız bir nəfər rayonun deputatı Oqtay Əsədovu tanığını bildirmişdi. Qeyd edək ki, 45 saylı dairədən namizədliyi qeydə alınmış 14 şəxs arasında birinci olduğu qeyd edilən Əsədovun saxta qələbəsinə etiraz edən təkcə sakinlər deyil. Dairədəki kobud pozuntulardan narazı qalan namizədlərdən də MSK-ya müraciət edərək, nəticələrin ləğv edilməsini və təkrar seçki keçirilməsini tələb edənlər var. Bu dairədən deputatlığa namizəd olan Emin Əliyev prezident İlham Əliyevə və Mərkəzi Seçki Komissiyasına müraciət göndərib. Müraciətdə deyilir: “9 fevral Milli Məclisə seçkilər ərəfəsində 45 saylı Abşeron seçki dairəsində seçkilərin saxtalaşdırılmasına yönələn neqativ hallar qeydə alınır. Təəssüf ki, məktəb direktorları və polis əməkdaşları bu işə cəlb ediliblər. Məktəb direktorlarının göstərişi ilə müəllimlər öz şagirdlərinin valideynlərinin şəxsiyyət vəsiqələrinin surətlərini və ünvanlarını toplayırlar. Abşeron rayonunda yaşayan, lakin ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslər seçki günü səsverməyə cəlb edilməsi üçün müvəqqəti olaraq polis bölmələrində qeydiyyata alırlar. Səsvermə haqda bildirişlər hətta yerli qeydiyyatı olmayan şəxslərə də verilir. Bu hərəkətlər seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır, düzgün və ədalətli seçkilərin keçirilməsi prosesinə, dövlətin imicinə ciddi ziyan vurur. Yaranmış vəziyyətlə əlaqədar 45 saylı Abşeron seçki dairəsində qanunsuz hərəkətlərin qarşısının alınması üçün müdaxilə etməyinizi xahiş edirəm”.
Saxtakarlıqlar media və videogörüntülərdə…
Məlum dairədəki pozuntular haqqında mətbuatda da çox sayda faktlar yer alıb. Hələ seçkidən əvvəl xəbər saytları bu dairədə səslərin Oqtay Əsədovun lehinə saxtalaşdırılmasına hazırlıq getdiyini yazırdı. Xeberim.com saytının məlumatında deyilirdi ki, Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova seçki dairəsinə daxil olan yaşayış məntəqələrində olan icra nümayəndələrinə, məktəb direktorlarına, digər yerli dövlət strukturlarına Oqtay Əsədovun deputat seçilməsi üçün lazımi köməyin göstərilməsi barədə göstəriş verib. Məktəb müəllimələrinə tapşırılıb ki, uşaqların valideynlərindən şəxsiyyət vəsiqələri yığılsın ki, səsvermə günü Oqtay Əsədovun lehinə səsləri təşkil edilsin. Göstərişi yerinə yetirməyən şəxslər işdən çıxarılma ilə hədələniblər. Qeyd edək ki, bizə daxil olan məlumatlara görə, 45 saylı Abşeron Seçki Dairəsi üzrə daxil olan çox sayda şikayətlər, foto və videolar araşdırılma üçün artıq MSK-ya göndərilib. Dairənin 18 saylı, 32 saylı və 33 saylı məntəqələrindən qeydə alınmış videogörüntülərdə həmin pozuntuları özünüz də müşahidə edə bilərsiniz.
Bu məntəqələrdə saxtakarlıqlara etiraz edən və faktları işıqlandırmağa çalışan müşahidəçilərə kobud təzyiq olunub. Bülletenləri göstərmədən dəstələyib yığan məntəqə üzvünə etiraz edən müşahidəçiyə isə, sədr “susun” cavabını verir. Digər məntəqədə məntəqə üzvü kabinetlərə daxil olaraq, seçiciləri kimə səs verməsi ilə bağlı təlimatlandırır. Müşahidəçilərin topladığı faktlara görə, bu dairədə 25 ayrı-ayrı rayon qeydiyyatı olan şəxslər Oqtay Əsədovun xeyrinə səs verib.
Abşeron rayonu sakinlərinin müraciəti ilə bağlı bütün araşdırmalarımız onların haqlı olduğunu ortaya qoyur. İndi bu qədər biabırçı pozuntu faktlarını araşdırmaq işi düşür MSK-nın öhdəsinə. Baxaq, sifarişli deputat mandatı verən MSK Abşeron seçicilərinin səsini eşidəcək, yoxsa yenə yuxarıdan gələn əmrlə qərar verib, tarixin rəzil striptiz spikeri Əsədovu təkrar parlamentə qaytaracaq?