
Seymur Həzi
İlham Əliyev də, Nikol Paşinyan da eyni şəkildə bu dialoqu debata çevirməkdə maraqlı idilər. Hər kəs istəyirdi ki, özünün daha yaxşı cavablar verdiyini öz xalqına nümaiş etdirsin. Makropopulizmə hesablanmış bu cür danışıqlardan heç nə gözləmək mümkün deyil və görünür ki, beynəlxalq birlik də prosesin fərqindədir. Özünü və xalqını aldatmaq istəyən liderə bu fürsəti verirlər. “Qarabağ” münaqişəsi üzrə Azərbaycanın haqlı olduğunu sübut etməyə çalışmaq qatığın ağ olduğunu isbat etmək üçün boğaz yırtmaqdır. Bunu qəbul etmək istəməyən tərəfin hanısı məntiqə söykəndiyini axtarmaq da yersizdir. Bu torpaqlar qədim, yaxın və müasir tarixin sənədlərində Azərbaycan torpaqlarıdır. Bunu bilən beynəlxalq birlik də müvafiq qətnamələrində bunu əks etdirir. Azərbaycan tərəfi bu cür debatlardan qaçmalı, prosesə konkret təkliflə yanaşmalı, bunun üçün sonuncu vaxtı təyin etməli bütün bunlardan qabaq isə ölkənin demokratik imici düzəlməli, iqtisadi azadlıqları təmin olunmalı, xalqın güclənməsi təmin olunmalıdır. Bunun ardınca gələcək istər diplomatik, istərsə hərbi sürəc Azərbaycanın xeyrinə dəyişəcək. Ancaq bunları etmədən atılan istənilən addım torpaqları işğalda saxlayan tərəfə zaman qazandırır.
Zaman faktorunu xeyirimizə işləmiş hesab edə bilərikmi? Xeyir! Nə üçün? Ona görə ki, Azərbaycan tərəfi bu zaman ərzində heç bir ciddi hərbi blokun dəstəyni ala bilməyib. Demokratiyanı qura bilməyib. İqtisadiyyatı dayanıqlı tempə sala bilməyib. Monopoliyanı aradan götürə bilməyib.
Ermənistan isə demokratik keçid edib. Üstəlik iqtisadiyyatında dirçəlmələr hiss olunur. Öz imiclərini (dövlət qətliamı imicini) dəyişiblər.
Bütün bunların fonunda Əliyev Paşinyana pis cavablar vermədi, amma Bu cavablar işğal olunan torpaqların geri qaytarılmasında heç bir rola malik deyil və olması da gözlənilmir.