Koronavirus şübhəsi ilə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən vətəndaşlar bu xəstəxanadakı şəraitdən narazıdırlar. Bu barədə fevralın 26-da İrandan Azərbaycana gələn xəstələrdən biri Rahilə Musayeva bildirib.
“İranda iki gün qaldıq. Qayıdanda bizi yoxladılar, dedilər ki, “heç nə yoxdur”, sonra bildirdilər ki, 15 dəqiqəlik yoxlayıb buraxacaqlar. Amma artıq 3 gündür buradayıq. Bizi burada antisanitariya şəraitində saxlayırlar. Antisanitariya şəraitində hazırlanan yeməkləri yemək olmur, yuyuna bilmirik. İsti sudan söhbət gedə bilməz, soyuq su ancaq bu gün verilib”, – qadın danışıb.
Onun sözlərinə görə, xəstəxana karantinə yerləşənlərlə doludur, onlar müxtəlif korpuslarda saxlanılır.
“Palatalarda 2-3 nəfər saxlayırlar, dəhliz, sanitar qovşağı eynidir. Xəstəxanada hərarətimizi ölçdülər, boğazdan yaxma və qan nümunələri götürdülər. Bizi burada nə qədər tutacaqlarını bildirmirlər”, – o deyib. Qeyd edək ki, ötən gün Astara xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılıb.
Rəsmi məlumatlara görə, Azərbaycan xəstəxanalarında koronavirusda şübhəli bilinən 190 nəfər saxlanılır.
Azadlıq radiosu