Hamının qəbul etdiyi bir həqiqət var ki, 9 fevral seçkiləri bütün parametrlər üzrə əvvəlki seçkilərdən fərqləndi. Saxtakarlığın miqyası rekord vurdu, hökumət namizədlərinin yerlərdən qovulması baş verdi, seçkinin cəmiyyət tərəfindən nümayişkaranə şəkildə boykot edilməsi müşahidə edildi. Yaltaqlığın, dönüklüyün simvoluna çevrilmiş adamlara yenidən etimad göstərilməsi, hakimiyyətə qarşı nifrəti daha da artırdı.Məsələn, özünə zərrə qədər hörmət edən hökumət Fəzail Ağamalıya “əlvida” deməliydi. İndiki halda isə Fəzaillər hakimiyyətin siması kimi görünür. Yaxud, hakimiyyətin başında oturanlara nəzər salanda Fəzaillər yada düşür.
Fəzail Ağamalı uzun illər ərzində kim olduğunu sübuta yetirmiş adamdı. Qırx dona girməklə, qırx cür yalan danışmaqla ağasının malına çevrildi. Bu ölkədə Fəzail Ağamalıya səs verəcək 10 nəfər tapamaq mümkün deyil. Bu adamın şəxsiyyəti seçici etimadı qazanmaqla ziddiyyət təşkil edir. Heç kim istəməz ki, bu səviyyədə bir insan ona vəkillik etsin. Amma hakimiyyət Azərbaycan xalqına məhz Fəzailləri layiq görür. Fəzaillər isə bu qədər kütləvi nifrətin, sosial şəbəkələrdə karikaturaya çevrilməyin əzabın çəkmək əvəzinə, təkrarsız şəxsiyyət olduğunu sübut etməyə çalışır.Bu adam dönüklüyünə görə mandatla mükafatlandırılıb və bu mandatın “fəzilət”i o qədər güclü olub ki, böyük var-dövlət sahibi olub.
Onun 2 min manat maaşla əldə etdiyi əmlaklar sırasında şadlıq evindən mənzillərə, zavoddan uşaq bağçalarına qədər var. “BUTA” bağçaları deputatın qızı Günay Ağamalının adınadır. Bundan başqa, Novxanıda villa öz adına rəsmiləşdirilib. Novxanıda daha bir villa isə oğlu Elçinin adınadır. Nərimanov rayonu, M. Əlizadə küçəsində 2 mənzil, M.Araz küçəsində 2 mənzil, Çınqıl zavodu, Neftçala rayonunda şadlıq sarayı, “555” nömrəli bahalı avtomobillər, Ukraynada meyvə biznesi, Atatürk prospektində villa, şəhərin bir neçə yerində təzə binalarda mənzilləri var. Xətai rayon məhkəməsinin binası deputata aiddir və icarədədir. Oğlu tərəfindən boru sexləri idarə edilir. Salyanda isə Xıdırlı kəndində qum karyeri və s. obyektləri mövcuddur.Göründüyü kimi, Ağamalı ağaya sərfəli mal olduğuna görə bəxşişi möhtəşəm olub. Bu sərvət başın elə gicəlləndirib ki, şəxsiyyətin girov qoymaqdan çəkinməyib.Ümumiyyətlə, Əliyevlərə qürurlu, dünya malına düşkün olmayan adam lazım deyil.
Ona görə də Fəzail kimi utanmadan oynamağı bacaranları millətə vəkil təyin edirlər. Zaman göstərir ki, qürurun, prinsiplərin güzəştə gedən adamlar xalqa və dövlətə yararlı ola bilməzlər. Belə adamlar xidmət etdikləri ağalarına görə dövlətin imicin, xalqın iradəsini tapdaq etməyə hazır olurlar. Hakimiyyət Fəzailləri dəyərə mindirməklə, xalqı təhqir etmiş olur.Xülasə, Əliyevin ən böyük “islahat”ı Fəzail Ağamalını bu qədər nüfuzsuzluğun qarşısında nüfuza mindirmək cəhdi oldu. Bundan sonra onun mandatı ləğv edilsə də, nəticə dəyişməyəcək. Çünki bu ləğvetmə rejimin mahiyyətinin dəyişməsinin yox, məcburiyyət qarşısında qalmasının göstəricisi olacaq.