Milli Şuranın sədri Cəmil Həsənli
Global bioloji böhran şəraitində, Corona – 19 pandemiyasının bütün ölkələri, xalqları və fərdləri ölümlə təhdid etdiyi bir məqamda Azərbaycan hakimiyyətinin bəzi addımlarının izahını tapmaq çətindir. Bəri başdan deyim ki, karantin qaydalarına əməl etmək lazımdırmı? Mütləq lazımdır! İctimai gigiena qaydalarına diqqət etmək vacibdirmi? Mütləq vacibdir! Ancaq SMS hoqqabazlığı, cərimə rəzaləti, qoruyucu tənziflər (maskalar) ətrafında yaranmış söz-söhbət, müxalifətçi ovu, alternativ informasiy mənbələrinin boğulması və sairlər olmadan.
Hökumət indiyə qədər cəza yerlərinin seyrəldilməsi istiqamətində əhəmiyyətli addım atmayıb. Necə ki, iş-işdən keçəndən sonra İranla sərhədi bağladılar, necə ki, yerin altındakı havasızlıq öz işini görəndən sonra metronu qapatdılar, gərək cəza çəkmə yerlərində də ağır faciə baş versin ki, prosesin ardınca sürünsünlər. İndi məlum olur ki, infeksiya daşıyıcılarının 98 nəfəri ölkə xaricindən gələnlərdir.
Bu SMS hoqqabazlığı yenə “Aldanmış kəvakib”i xatırladır. 2015-ci ildə 8-ci mikraroynda çoxlu sayda insan itkisi ilə nəticələnmiş məşum yanğından sonra keçirilən dövlət müşavirəsində bəlli oldu ki, Bakı şəhərində bir neçə yüz belə alışqan üzlüklərlə üzlənmiş binalar var və təklif oludu ki, onların yanınında yanğınsöndürən maşınlar qarovul çəksin. İndi də bu SMS hoqqabazlığı kimin ağlına gəlib? Belə şeylər virus təhlükəsindən daha çox rejim təhlükəsizliyinə xidmət edir. Necə deyərlər keçi can hayında, qəssab piy axtarır.
SMS “səfərbərliyi” rejimin qorunmasına hesablanmış preventiv “dezinfeksoiya” xarakteri daşıyan ağılsız qərardır. Bunun bir adı var: global bioloji təhlükə şəraitində əhalini izləmək, onun üzərində polis nəzarətini daha da gücləndirmək. Bakı şəhəri başdan başa kameralaşdırılıb, fərdi avtobobillərin nömrə nişanlarına izləyici GPS-lər yerləşdirilib, internet provayderlərinin məlumat axını təhlükəsizlik orqanlarının nəzarətindən keçir, dövlət rabitə sistemi və hakim ailəyə məxsus mobil telefon şəbəkələri insanları izləməyin müasir “qulaqlarına” çevrilib, indi də əlavə nəzarət və izləmə mexanizmi kimi SMS-ləri atıblar ortaya. Bir sıra hüquq müdafiə təşkilatlarının fikrincə bu SMS hoqqabazlığı ilə bunlar xalqı qorumurlar, özlərini millətdən qorumağın elektron variantını sınaqdan keçirirlər. İnsanları bu qədər basqı altında saxlamaq vəziyyətdən çıxış yolu deyil.
Qadağa ilə təminat arasında bir az uyğunluq olmalıdır. Aptekində maska yox, maskasız çıxanı 100-200 manat arası cərimələyirsən. İnsanlara evdən çıxmamağı tövsiyə edirsən, onların minimum sosial təminatın gözardı edirsən. Günəmuzd binagüzarlıqla gün keçirən insanların xeyli hissəsi aclıq təhlükəsi ilə üz-üzə dayanıb. Yaxşı olar ki, SMS vasitəsi ilə onların durumunu soruşasınız, minimum ehtiyaclarına yardımçı olasınız. Viris təhlükəsindən qorunmaq adı altında adamların evində acından ölməsi fərqli nəticələr doğurmur. Sosial yardım şəbəkəsin genişləndirmək vacibdir. Pul çatmırsa ofşor hesablara SMS göndərib korrupsiya pulların geri çəkmək və millətin xilasına yönəltmək lazımdır. Bütün karantin tədbirləri millətin xilasına, nicatına, diriliyinə, haqqına və hüququna tabe edilməlidir, onun üzərində əlavə nəzarət mexanizmi qurulmasına yox!