Natiq Güləhmədoğlu
İki il əvvəl bir videoya baxmışdım. ABŞ-da yaşayan bir faşist zabitinin evinin önündə ildə iki dəfə yəhudi müəllim və tələbələr aksiya keçirirdi. Reportajda deyilirdi ki, o qoca zabit (yanılmıramsa 93 yaşı vardı) heç evdən çölə çıxmır, bəlkə də qulaqları da eşitmir, o zaman bu etirazların nə mənası.
Aksiya təşkilatçıları isə deyirdilər cəhənnəmə eşitmir, biz ki eşidir və görürük! Bu alçaq, “svoluç”u rədd edin burdan, bizim dədə-babalarımızı kamplarda bunlar əziyyətə, zülmə məruz qoyub, indi bizimlə bir qəsəbədə yaşamamalıdır.
Rəsmilərin isə izahı belə idi ki, o zabit düzdü, o toplama kampında işləsə də onun insan öldürmə və işgəncələrdə əməli sübuta yetirilməyib. Buna baxmayaraq aksiyalar illərdir səngimir.
Bu hadisəni niyə xatırlayıram? Qisas hissimizi itiləmək üçün. Düzdür, dünyanı indi elə hala salıblar ki, ləyaqəti tapdalanan adam belə qisas sözünü dilə gətirməyə çəkinir. Dörd bir yandan çıxıb deyirlər, aaa bu qisasçıdır, aa intiqam hissi ilə yaşayır. Siz belə təbliğata uyanlardan olmayın. Günahsız, dinc insanlara qarşı şərəfsizlik, zülm edənlərdən inqitam, qisas alınmalıdır. Əlbəttə, burda mən qisas və intiqam deyərkən “samosud”u nəzərdə tutmuram.
Azərbaycan cəmiyyətində heç zaman bu iş kollektiv və səliqəli formada olmadığından 1937-ci ildə cındırlıq, işverənlik edib ev yıxanların, insanların ömrünü puç edənlərin nəvələri də bu gün babalarının işini rahatlıqla icra edir. Çünki, aşıq gördüyünü çağırar. Bunlar görüb ki, dədələri, babaları işverənlik, alçaqlıq, şərəfsizlik edib, orda-burda natiqkimilər bu əməllərə deyinib, bir gün, iki gün sonra hər şey unudulub, həyat da yoluna düşüb gedib. Belə olmamalıdır, yoldaşlar. Bu minvalla cəmiyyətin bütün mənəvi dayaqları, təməlləri sınıb gedir.
Bugün xüsusən özünü mühacir sayan hər kəs, öz övladlarına vəsiyyət etməlidir, vəd almalıdır ki, bala, mən filan-filan şeylərdən ötəri elimdən, əzizlərimdən didərgin düşmüşəm. Ömür vəfa etsə bu işi özüm edəcəm, etməsə vəsiyyətim budur ki, Əliyevçi monarxiya rejimi devirildiyi gün onun xidmətində dayanan siçovullar xaricə daraşanda onları bacardığın üsul və metodlarla dəng et. Ölənəcək onları utandır, məzəmmət et ki, siz qurumsaqların əli xalqın qanına batıb, siz əclaflar böyük bir xalqı müftəxorluğunuzla, əyyaş və parazit həyat tərzinizlə zəlil etmisiniz.
Əsl mühacir dedim, əsl. Amma bilmirəm onlar nə qədərdir.
Çox titullu mühacirlər gördük ki, dedilər: “eşşək vurub, cənnətə düşmüşük”.