Koronavirus pandemiyası dövründə Azərbaycandakı repressiyalarla bağlı Milli Şuranın bəyanatı
Hazırda bütün ölkələrdə hökumətlərin və cəmiyyətlərin diqqəti yeni koronavirus pandemiyası ilə mübarizəyə yönəlib. Təəssüf ki, Azərbaycan hakimiyyəti belə bir vaxtda da siyasi müxalifətə və tənqidçi fikirlərə qarşı repressiv münasibətini davam etdirir və bu cəhətinə görə dünyanın 2-3 siyasi rejimindən biri və birincisidir. Martın 19-da ölkə başçısı İlham Əliyev Novruz bayramı ilə bağlı çıxışında onun hakimiyyətinə qarşı prinsipial müxalifət mövqeyində olanları şəxsən düşmən elan etdi və onları koronavirusla mübarizə çərçivəsində fövqəladə rejim tətbiq edərək, cəmiyyətdən təcrid etdirəcəyinin anonsunu verdi. Hüquq mühafizə orqanları isə İlham Əliyevin dediklərini dərhal həyata keçirməyə başladı.
Həmin çıxışdan cəmi 3 gün sonra – martın 22-də Azərbaycan müxalifətinin tanınmış simalarından biri, keçmiş siyasi məhbus, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu şərlənərək, qurama “xuliqanlıq” ittihamı ilə həbs edildi (hazırda barəsində istintaq dövrü üçün 3 ay həbs qətimkan tədbiri seçilməklə istintaq təcridxanasındadır). İttiham olunduğu maddə ilə ona 2 ildən 6 ilədək həbs cəzası verilə bilər.
İlham Əliyevin həmin çıxışından sonra Sumqayıtda hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd də həbs olunub. Onu martın 30-da qurama oğurluq ittihamı ilə saxlayıblar, bir gün sonra isə məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Elçin Məmməd həbsindən bir müddət əvvəl Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətdə olduğuna dair hesabat hazırlayaraq yaymışdı.
Bundan başqa Cəlilabad rayonundan AXCP Ali Məclisinin üzvü Anar Məlikov və Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev müxtəlif saxta ittihamlarla müvafiq olaraq 10 və 30 sutka müddətlərinə həbs ediliblər. İctimaiyyət onları da “koronavirus məhbusları” adlandırıb, belə ki, Anar Məlikov karantin yerlərində vəziyyətlə bağlı yazılarından sonra, Samir Babayev isə Bakıda koronavirusa görə camaata pulsuz tibbi maska paylayarkən həbs olunublar.
Ölkə rəhbərliyinin ünvanına tənqidi çıxışına görə İntiqam Bayramov adlı daha bir vətəndaş 30 sutka inzibati həbsə məhkum edilib. İntiqam Bayramov zibilliklərdən plastik əşyalar toplayaraq satmaqla günlük xərclərini qarşılamağa çalışan şəxs imiş və həbsindən bir gün qabaq elə zibilxanadan videoçəkilişdə öz vəziyyəti ilə bağlı ölkə rəhbərliyinə tənqidi fikirlər səsləndirib.
Zibilliklərdən plastik əşyalar və karton parçaları toplayıb satmaqla ailəsini dolandıran 3 uşaq atası, AXCP üzvü Aqil Hümbətov isə Azərbaycanın fəal ictimaiyyətinə yaxşı tanış olan sərt tənqidlərinə görə ruhi əsəb dispanserinə salınıb. Onu əvvəlcə martın 30-da dispanserə salıb, iki gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxıblar. Lakin sərbəst buraxılandan sonra da ölkə başçısının ünvanına sərt tənqidini davam etdirdiyi üçün aprelin 2-də yenidən saxlanılıb və 3 nəfər yalançı şahidin ifadəsi ilə ruhi əsəb dispanserinə yerləşdirilməsi haqda məhkəmə qərarı çıxarılıb və onu dispanserə yerləşdiriblər.
Hakimiyyətin tənqidçi səsləri həbslərlə susdurmaq cəhdi (İlham Əliyevin məlum çıxışına qədər də) koronovirusla mübarizə baxımından olduqca vacib olan bütövlükdə mart ayı ərzində davam edib. Martın ilk yarısında Müsəlman Birliyi Hərəkatının üzvlərindən şair Elvin Muradov (Mürvətoğlu imzası ilə tanınır) hərəkatın sədri Tale Bağırzadə haqqında mahnı oxuduğuna (və ümumən mövqeyinə) görə qanunsuz silah saxlama ittihamı ilə saxlanılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Şirvan şəhərində Araz Quliyev adlı Qarabağ qazisi internet televiziyalarından birində canlı yayımda ölkə rəhbərliyinin ünvanına tənqidi çıxışından və üzv olduğu YAP-ın biletini cırıb atmasından sonra tutularaq saxta bir ittihamla 30 sutka inzibati həbsə məhkum edilib.
Cinayət törətmək ittihamı və inzibati qaydada həbslərlə yanaşı AXCP üzvləri Təzəxan Mirələmli – o həm də jurnalist, Azadlıq qəzetinin əməkdaşıdır və Əlizamin Salayevə qarşı hakimiyyətin məqsədli şəkildə təşkil etdiyi əsassız şikayətlər əsasında cinayət işləri açılıb.
Faktlar göstərir ki, Azərbycan hakimiyyəti qlobal pandemiya ilə bağlı yaranmış vəziyyəti fürsət bilərək ölkədə avtoritar və repressiv rejimi gücləndirmək, müxalif mövqeli insanları və tənqidçi səsləri tamamilə susdurmaq istəyir. Görünür, hakimiyyət demokratik dünya ictimaiyyətinin hazırkı qlobal böhran vaxtında Azərbaycanda bu mürtəce gedişata diqqət yetirə bilməyəcəyinə, daxildə isə sərt karantin rejiminə görə ictimai etirazların özünü biruzə verməyəcəyinə arxayındır.
Milli Şura hakimiyyətin belə anti-insani, xalqa zidd və ölkənin maraqlarına ciddi ziyan vuran dəsti-xətt seçməsini qətiyyətlə pisləyir və dərhal bundan imtina olunmasını, bu müddətdə həbs edilənlərin sərbəst buraxılmasını, təqib və təhdidlərin dayandırılmasını tələb edir. Milli Şura İlham Əliyev hakimiyyətini bir daha məsuliyyət hissini itirməməyə, özünə qarşı xalqın nifrət və qəzəbini artırmağın sonda hansı ağır nəticələr doğura biləcəyini anlamağa çağırır.
Azərbaycan hakimiyyəti təkcə Tofiq Yaqublunun həbsinə dünya ictimaiyyətinin reaksiyasından da anlamalıdır ki, mövcud qlobal pandemiya böhranı insan hüquq və azadıqları ilə bağlı problemləri heç də diqqətdən tamam yayındıra bilməyib və ölkədə avtoritarizmi gücləndirmək səyləri hakimiyyətin özünə baha başa gələ bilər. Milli Şura eyni zamanda dünya birliyini Azərbaycanda repressiyaları birdəfəlik durdurmaq və avtoritar idarəçiliyə son vermək üçün İlham Əliyev hakimiyyəti ilə nəhayət onun anlayacağı dildə danşmağa, məsuliyyəti olan dövlət rəsmilərinə ünvanlı sanksiyalar tətbiq etməyə çağırır.
Milli Şura Azərbaycan xalqını əmin edir ki, hakimiyyət nə qədər can atsa da, ölkədə diktaturanı tam bərqərar edə bilməyəcək. Milli Şura İlham Əliyev rejiminin bu istəyinə qarşı xalqımızın dirənişini bundan sonra da səfərbər etəmək əzmində olduğunu bildirir və ölkəmizin işıqlı gələcəyi barədə düşünən hər bir həmvətənimizi bunun uğrunda daha fəal və təşəbbüskar olmağa, daha yaxşı təşkilatlanmağa səsləyir.