Ləğv edilmiş MTN-in keçmiş generallarının əfv olunması Azərbaycan ictimaiyyətinin kəskin tənqidinə səbəb olub. Bir çox istifadəçi təəccüb içindədir: ağır cinayət törədənləri necə azad etmək olar? Həmçinin diqqəti ona yönəldirlər ki, bu şəxslər cəzalarının yarısını belə çəkməyiblər.
Hüquq müdafiəçiləri və müxalifətçilər narazıdırlar: uzun müddət biznesi və vətəndaşları “dəhşətə gətirən” mənfur şəxsləri necə azad etmək və Qarabağ müharibəsi veteranları da daxil olmaqla, siyasi məhbusları həbsxanalarda saxlamaq olar?
Xatırladaq ki, Akif Çovdarov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahəsində Baş Təhlükəsizlik İdarəsinə rəhbərlik edib.
O, CM-in onlarla maddəsi üzrə ittiham olunub: 145.3 (zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla qanunsuz azadlıqdan məhrum etmə); 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israf etmə); 181.3.1, 181.3.2 (mütəşəkkil dəstə tərəfindən zorla tələb etmə külli miqdarda əmlaka sahib olmaq məqsədilə); 228.4 (qanunsuz silah əldə etmə, satışı və ya gəzdirmə); 302.1 ,302.2 (səlahiyyətli olmayan şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi); 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (bir qrup şəxs tərəfindən qabaqcadan sövdələşmə və ya mütəşəkkil qrup tərəfindən təhdidlər tətbiq edilməklə dəfələrlə külli miqdarda rüşvət almaq); 313 (vəzifə saxtakarlığı); 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə); 309 (vəzifə səlahiyyətlərini aşmaq).
Yekun hökmdə bir sıra ittihamlar aradan qaldırılıb. Eyni zamanda məhkəmə A.Çovdarovun 33 mln. manatlıq əmlakını müsadirə edib. Bu qədər külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlaka baxmayaraq, A.Çovdarova cəmi 12 il həbs cəzası verilib.
MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov da oxşar ittihamlarla həbs edilib. O 14 il müddətinə azadlıqdan məhrum edilib.
Ümumilikdə, 2015-ci ilin oktyabr-noyabr aylarında sözügedən ittihamlarla MTN-in 21 yüksək rütbəli zabit və generalı həbs edilib və mühakimə olunub.
Məlum olub ki, MTN-də mahiyyətcə cinayətkar qrup fəaliyyət göstərib və digər dövlət strukturlarını, əsasın Rabitə Nazirliyini və onun müəssisələrini özünə tabe edib.
“Çekistlər”in özbaşınalığı o həddə çatıb ki, onlar yüksək vəzifəli şəxslərin və biznes nümayəndələrinin izlənməsini və dinlənilməsini təşkil ediblər.
Bununla belə, MTN rəhbəri Eldar Mahmudov həbsdən yan qaça bilib. Əgər onun tərəfdaşı və qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həbsini nəzərə almasaq, ailə biznesinə də ziyan dəyməyib.
Bu günədək MTN-in keçmiş zabitlərinin və generallarının əksəriyyəti azad edilib. Bəziləri şərti cəza alıb, bəzilərinin isə cəzası yüngülləşdirilib.
Həmçinin “rabitəçilərin işi” üzrə keçənlər – MTN rəhbərliyi ilə birlikdə ağır cinayətlər törətmiş Rabitə Nazirliyinin yüksək vəzifəli əməkdaşları da azadlığa çıxıblar.
Contact.az