Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Hansısa fəaliyyətdən, məsələn, dəri gödəkçə və ya qumar avtomatlarını 10 manatdan alıb 11 manata sata bilirsənsə, yəni qazanc əldə edirsənsə sən uğurlu biznesmensən. Gəlirin miqdarının fərqi yoxdur, gəlir varsa uğur var, uğurlusan. Amma o uğurdan necə faydalanırsan, bu başqa məsələdir. Bildiyim qədər İlham Əliyevin Moskvada dəri gödəkcə və oyun avtomatları biznesindəki uğurları elə özünün gətirib orada satdığı oyun avtomatlarının qurbanı olub. Və Bakıya bir həsir, bir məmmədnəsir qayıdıb, hətta dədəsi üçün 1 dəst kostyum almaq imkanı olmayıb.
Qayıdıb deyəndə ki, atası Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra gəlib, o vaxta qədər heç üzünü Azərbaycana tərəf çevirməyib. Nə meydanlardan keçməyib, nə rus tankının qarşısında dayanmayıb, nə də təhqir, təzyiq, həbs görməyib. Əgər müstəqilliyimizin hansı qanlar, əziyyətlər bahasına bərpa olunduğunu heç iştirak demirəm, sadəcə gözləri ilə görsəydi indi onun haqqında belə asanlıqla hədyanlar danışmazdı, heç olmasa hər il ziyarət etdiyi şəhidlər xiyabanına hörmət qoyardı.
Gələndən sonra da biznes-zadla məşğul olmayıb, elə gələn kimi atası onu ADNŞ-nin I vitse-prezidenti təyin edib. Şirkətin xarici əlaqələrini, neft satışını kurasiya edib. O dövrdən də məhşur beynəlxalq çex fırıldaqçısı Viktor Kojeniyə fırıldaq gəlmələri ilə yadda qalıb.
Deyir prezident olmamışdan qabaq bizneslə məşğul olmuşam. Yəni əgər ADNŞ-nin çıxardığı neftin satışını özünün biznesi hesab edirsə yenə yanlışlığa yol verir, çünki həmin neft dədəsinin malı deyil. Azərbaycan torpaqlarının üstündə babasından, ya atasından ona hansısa mal-mülk, qır-qızıl qala bilər, amma ölkənin yeraltı sərvətlərinin onlara heç bir dəxli yoxdur. Ölkənin yeraltı sərvətləri ölkə xalqınındır, xalqın malını mənimsəmək isə biznes deyil, oğurluqdur.
Bu gün istər İlham Əliyevin ailəsinin, istərsə də onun ətrafının ölkə xaricində açdıqları saysız-hesabsız biznes strukturların bir dəbdəbəli adları var, bir də talan edilmiş neft pulları hesabına əmlak alıb icarəyə verməkləri, Əliyevlər ailəsinin Londondakı 700 milyon dollarlıq əmlakı kimi. Həmin ölkələrdə başqa heç bir biznesləri yoxdur.
O şirkətlərin bütün biznes fəaliyyətləri Azərbaycanla bağlıdır. Neftin satışından ölkəyə qayıdan pulları burada açdıqları filialların vasitəsi ilə elə dəldiyi yolla ölkədən çıxarmaq, Azərbaycan büdcəsini boşaldıb yad ölkələrin büdcəsini doldurmaqdır bunların uğurları.
Sabah Azərbaycandan gələn pullar kəsiləndə onlara xərclənən milyardların aqibətinin necə olacağı bilinmir, çünki onları idarə edəcək uğurlu baş görünmür. Hələ ölkədən yedizdirilə-yedizdirilə neçəsinin bankrot xəbəri gəlib.
Azərbaycan boyda biznesi dalana dirəyən uğurlu biznesmenlər öz bizneslərini dalandan başqa haraya dirəyə bilərlər ki?