Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bəxtiyar Hacıyevi əlbəttə vətəndaş mövqeyinə görə təqib edirlər. Son 8 ay ərzində Bəxtiyar bəy DTX və polis orqanları tərəfindən açıq və gizli formada təqib olunur, izlənir, təxribatlara məruz qalır. Amma Bəxtiyar Hacıyevin təqibini 8 ayla məhdudlaşdırmaq olmaz. Bildiyim qədər onun təqibinin haradasa 8 illik bir tarixi var.
Bəxtiyar bəy ölkənin istedadlı, intellektual, vətənpərvər vətəndaşlarından biridir. Ağıllı təkliflərlə çıxış edir, bəzən yumor yolu ilə varlıqları yumor olan adamları düz yola çəkməyə çalışır. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş verən rəzalətlə bağlı maraqlı bir araşdırma aparmışdı. Yeni “islahatçı” nazir Sahil Babayevin rəhbərliyi ilə tender əməliyyatları, qiymətlərin şişirdilməsi, dövlət vəsaitlərinin mənimsənilməsi mexanizmini açmışdı Bəxtiyar bəy. Normal hakimiyyət olsaydı ona təşəkkür etməli idi. Amma təşəkkürləri ciblərinə, adamı intihar həddinə çatdırıblar.
Maraqlıdır ki, bu ölkənin DTX-sı, polisi və prezident aparatı oğrunu, Bəxtiyar bəyin araşdırmasından göründüyü kimi min bir fırıldaqla büdcəni talayanı deyil, bu talan haqqında danışanı, araşdırma aparanı təqib edir, intihara vadar edir. Bilirsiniz niyə? Çünki araşdırmada üzə çıxarılmış mənimsəmə, oğurluq, qiymət şişirdilməsi yalnız Sahil Babayevə deyil, bilavasitə İlham Əliyevə aid məsələdir. Bu prosesin sahilində İlham Əliyev özü dayanır və yüksək vəzifəli məmurların çoxu ilə korrupsiya ortaqıdır. Bir tərəfdən “Yaşat” fondu yaradıb sosial sarsıntılar içində çabalayan vətəndsaşlardan 10 manat pul dilənirlər, o biri tərəfdən həmin sahəyə aid büdcə vəsaitlərini oğurlamaq, mənimsəmək üçün min bir hiyləyə əl atırlar.
Görün vəziyyət nə həddə gəlib çatıb ki, Harvard Universitetinin məzunu da bu ölkədə çıxış yolu kimi intiharı seçir. Halbuki, ötən ilin bu günlərində Bəxtiyar bəy və dostları orduya ümumxalq yardımının necə gözəl örnəyini tarixləşdirdilər. Bu ölkədə pis nümunəyə görə yox, yaxşı əmələ gərə adamı cəzalandırırlar. Bəxtiyar Hacıyev kimi.