AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ərdoğanın təyyarəsi Füzuli hava limanına enib. Onun birbaşa işğaldan azad olunmuş əraziyə gəlişi həm də rəmzi məna daşıyır. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın və əlaqələrin inkişafı baxımından da önəmlidir.
Ancaq indiki halda, bu cür səfərlər Rusiyanın Qarabağdakı iddialarını və nəzarət imkanlarını məhdudlaşdırmağa yetmir. Bundan öncəki Şuşa səfərindən sonra biz Qarabağda qardaş dövlətin hər hansı qalıcı iştirakını görmədik. Çünki, Türkiyə Azərbaycana hərtərəfli dəstək versə də, Qarabağla bağlı tənzimləmə prosesində və danışıqlarda tərf kimi iştirak etmir. Türkiyənin işğaldan azad olunan ərazilərdə varlığı , yalnız Ərdoğanın gəlişləri ilə məhdudlaşmamalı, hərbi bazaların mövcudluğu şəklində uzun müddətli xarakter daşımalıdır.
Ermənistanda yayılan məlumatlara görə gələn ayın əvvələrində Azərbaycan və Ermənistan arasında hansısa əhəmiyyətli bir sənəd, müqavilə imzalanacağı gözlənilir. Bu sənədi hazırlayan və onu tərəflərə imzalatdıracaq dövlət isə Rusiyadır. Bu saziş Azərbaycan üzərinə hansı öhdəliklər qoyacaq, iki ölkə arasınada münasibətlər və əlaqələr necə tənzimlənəcək, işğalda qalan Qarabağ məsələsi və sülhməramlıların fəaliyyəti ilə bağlı nələr nəzərdə tutulur, bu barədə heç bir məlumat verilmir.
Türkiyə ötən ilin 9 noyabr Bəyanatının imzalanmasından kənarda saxlanıldığı kimi, indi də danışıqlar prosesindən kənarda saxlanılır və bu üzdən də, yeni müqavilənin razılaşdırılmasında Azərbaycana hər hansı dəstək vermək imkanında deyil.