Oktyabrın 28-də Avropada yaşayan azərbaycanlı mühacirlərin yaratdığı Demorkatik Azərbaycanı Seç (DAS) Təşkilatı Almaniyanın Düsseldorf şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı ilə etiraz aksiyasi keçirib.
Bu barədə “Azadlıq”a aksiyanın təşkilatçılarından olan Elmir Qənbərov məlumat verib. Onun sözlərinə görə, piket “Rheinische Post” qəzetinin, Xristian Demokratlar Partiyasının (CDU) və hakim Sosial Demokratlar Partiyasının (SPD) Düsseldorf şəhərində yerləşən ofislərinin önündə baş tutub. Aksiyanın məqsəd Azərbaycanı diktatura ilə idarə edən ailə hakimiyyətinin əməllərinə etiraz etmək, bu barədə Almaniya ictimaiyyətini məlumatlandırmaqdır.
25 nəfərə yaxın siyasi mühacirin qatıldığı aksiyada AXCP sədri Əli Kərimlinin könüllü mühafizəçisi olmuş Niyaməddin Əhmədovun heç bir əməl törətmədiyi halda 13 il azadlıqdan məhrum edilməsi pislənib. Aksiya iştirakçıları həmçinin 2018-ci ildə baş vermiş Gəncə hadisələrinə görə saxlanılan Cəfər Mürsəl oğlu Zalovun Cinayət Məcəlləsinin bir neçə bəndi ilə ittiham olunmasını və 18 il həbs cəzası almasını ədalətsiz hal kimi qınayıblar.
Elmir Qənbərovun sözlərinə görə, aksiyanın təşkilatçılarından olan Yaqut Xələfova çıxışında daxili işlər nazirini tənqid etdiyinə görə təzyiqlə üzləşən və Prezident Administrasiyası önündə intihara cəhd edən ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı danışıb. O, ictimai fəala qarşı təhdidlərə son qoyulmasını istəyib.
Aksiyanın digər təşkilatçısı Nadir Rzayev isə xatırladıb ki, jurnalist araşdırmaları ilə Londonda prezident İlham Əliyevin ailəsinə məxsus 700 milyon mülk aşkar olunub. Təşkilatçı Azərbaycanın milli sərvətləri hesabına varlanan bu insanların sadə vətəndaşlara qarşı təzyiq və təhdid yolu tutmasını pisləyib.
Elmir Qənbərov isə çıxışında əsasən siyasi məhbusların problemini qabardıb. Bildirib ki, Azərbaycanda siyasi fəallığı olan şəxslərlə yanaşı, dini inanclı insanlar da təzyiqlərə məruz qalırlar. O, oktyabrın son 10 günlüyündə həbs olunmuş ilahiyyatçı Sərdar Babayevin və Səbuhi Səlimovun adını çəkib. Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi (vətənə xəyanət) ilə şübhəli bilinərək, həbs edilib.
Elmir Qənbərov Almaniyada siyasi mühacir həyatı yaşamış və sığınacaq istəyi Miqrasiya İdarəsi və məhkəmələr tərəfindən rədd edilmiş fəalların deportasiya olunduqdan sonra üzləşdikləri problemlərdən də danışıb. Fəallar Mütəllim Orucov və Malik Rzayevin deportasiya olunduqdan sonra həbs edildiyini deyən aksiya təşkilatçısı onların saxlanmasını siyasi sifariş adlandırıb. Həmçinin vurğulayıb ki, deportasiya olunmuş adamlar ölkəyə qayıdarkən DTX tərəfindən dindirilir, təzyiqlə üzləşirlər.
Azərbaycanda baş verənləri Almaniya ictimaiyyətinə çatdırmağa çalışan aksiyaçılar təzyiq və həbslərə son qoyulması ilə bağlı tələblərini səsləndiriblər.