Nigar Həzi
Dekabrın 1-dən bu yana 39-cu polis bölməsində başımıza gələnlərlə bağlı yazmağa imkanım olmayıb. İndi fürsət tapıb yazıram.
Deməli, “Saleh Rüstəmliyə azadlıq” aksiyasına gedəndə atanın da həmin günü orada olacağından xəbərim yox idi. Mən atanı tasadüfən orada gördüm. Düzü polislər atanın üstünə hücum edəndə atanı üst geyimindən tanıdım. Orada baş verənləri artıq xəbər saytlarındakı videolardan görmüsünüz deyə yazmıram
İlk öncə məni 39-cu polis bölməsinə gətirdilər. 5-6 dəqiqə sonra isə atanı gətirdilər. İçəridə İlham Hüseyni, Paşa Dadaşzadəni gördüm. Paşa bəyin qızıyla Metanet İsmayıl mənimlə bir maşında gətirilmişdi bölməyə. Biz orada olanda dalbadal həbs olunanları gətirirdilər. Təxminən 20-ə yaxın saxlanılan var idi. Ata məni görəndə dedi ki, məni polis maşınına döyə-döyə gətiriblər. Həmin vaxt 39-cu bölmənin növbətçi hissəsində Paşa Dadaşzadə bir əli ilə qolunu tutmuşdu və qolunda ciddi xəsarətin olduğu aydın görünürdü, amma hələ nə olduğunu dəqiq bilmirdik. Polislər təcili yardım çağırdıqlarını dedilər. Təcili yardım isə çox gec gəldi. Paşa bəyin qızının israrlı təkidlərindən sonra polis 3-4 dəfə yenidən təcili yardıma zəng etdi. O da 1 saatdan da gec bir vaxtda gəldi.
İlham Hüseyn, ata və mən dəhlizdə söhbət edirdik. Mən atanı bölmədə gördükdən təxminən 10 dəqiqə sonra özünü mənə sonradan Elman Nəsirov kimi təqdim edən polis kapitanı atanı polis bölməsinin girişinin sağ tərəfindəki dəhlizin ən son otağına apardı. Arxa qapıdan apararlar deyə, mən də atanın arxasıyla getdim. Həmin kapitan atayla bərabər otağa daxil olanda məni görüb dedi ki, siz burada gözləməyin. Biz sadəcə izahat alacağıq. Mən de ona dedim ki, mən sizə inanmıram. Siz onu arxa qapıdan çıxarıb aparacaqsınız. Kapitan Nəsirov mənə dedi ki, biz sadəcə izahat alacağıq və siz gedin dəhlizin başında gözləyin. Beləcə məni həmin otağın yanından uzaqlaşdırdı. Ancaq gözümü qapıdan çəkmirdim. Bir müddət elə gözlədim. Arada Paşa bəyin yanına getdim. Onu isə elə bölmənin girişindəki növbətçi hissədə oturtmuşdular.
Mən o otaqdan təzəcə çıxmışdım ki, atanı apardıqları dəhlizin sol tərəfindəki ilk otağa pilləkanlarla qalxan 2-3 mülki adamlar bölmənin polis işçiləri ilə qarşılaşdılar. Düzü onlara o qədər önəm vermədim. Düşündüm ki, bölmənin mülki geyimli polisləridir. Sonra məni həmin otağın yanından uzaqlaşdırmaq üçün özünü bölmənin rəisi (sonra adının Xəyal soyadının yanılmıramsa, Kazımov olduğunu deyəcək) kimi təqdim edən mülki geyimli polis oradan uzaqlaşdırdı. Mən isə həmin otaqdan takkıltı səsləri eşidirdim. Bölmənin digər polisləri də başlarını əyib o otağa baxırdılar. Sonra ata ilə danışanda dedi ki, məni o otağa aparıb, əlimi arxadan qandalladılar və orada döyməyə başladılar. Mən isə bu olanlardan xəbərsiz idim. Daha sonra məndən izahat almaq üçün məni sol tərəfdəki dəhlizə apardılar. Və izahat alan polis məni xeyli otaqda saxladı. Həmin müddətdə isə atanı çoxdan polis bölməsindən çıxarmışdılar. Mən izahat verib otaqdan çıxandan sonra digər saxlanılanlardan atanı görüb-görmədiklərini soruşdum. İçlərindən biri dedi ki, mən 20 dəq əvvəl gördüm Tofiq bəyi. Başqa otağa keçdi. Onda arxayın oldum ki, ata bölmədədir. Hələ arada həmin kapitandan soruşdum ki, Tofiq Yaqublu hardadır? O da “İzahat verir”-deyib getdi.
Bizi ondan sonra xeyli saxladılar. Bu müddət ərzində Paşa bəyin qızı başdan ayağa qara geyinmiş, başında qara “kepka”sı olan bir mülki polis gördü. Üzünə diqqətlə baxıb dedi ki, mən səni tanıdım. Atamın qolunu sən qırmısan. Həmin polis də heç əhvalını pozmadan dedi ki, mən qırmışam, əcəb eləmişəm…
Polisdəki rahatlığa, arxayınlığa, buna görə məsuıiyyət daşımayacağı əminliyinə bax…
Axşam tərəfi Rüstəm İsmayılbəylini gətirdilər. Rüstəm dedi ki, dərslərim var idi deyə, bu gün aksiyaya qatılmamışdım. Bacısı Sevgi ilə bir işlə bağlı görüşdüyünü və bu zaman qəfil polislər tərəfdən həbs olunduğunu dedi.
Xanımları təxminən 7-nin yarısına kimi buraxdılar. Polis bölməsinin önündə bölmədən çıxmış xanımlarla, bölmənin önünə yığışanlarla və jurnalistlərlə bərabər digərlərinin də çıxmasını gözləyirdik. Təxmini yarım saatdan sonra atanı məndən ayırıb bir otağa aparan kapitan Elman Nəsirov bölmədən çıxıb toplaşan insanların yanına gəldi. Burada belə durmayın falan deyə gəvəzələdiyi vaxt tanımadığım nömrədən telefonuma zəng gəldi. Telefonu açanda atanın səsini eşitdim. Dedi ki, “Nigar məni buraxıblar. Ələtdəyəm. Məni döyüblər, gözüm görmür”.
Təsəvvür edin nə hisslər keçirdim. Hələ atanın nə durumda olduğunu bilmirdim.
Həmin polisə deyəndə ki, ay şərəfsiz, bəs deyirdin Tofiq Yaqubludan izahat alırlar.
Bu həmin kapitandır ki, Tofiq Yaqublunu aparmağa gələn quldur dəstəsini görəndə ataya anışdırmaq üçün atanı aparmağa gələn quldur dəstəsinə deyib ki, hə, siz başqa bölmənin əməkdaşlarısınız.
Yəni ki, Tofiq Yaqublu, sizin başınıza nə gələcəksə bizlik deyil.
Atanın şəklini telefonda görəndə isə şok oldum.
Biz atanı Ələtdən gətirmək üçün adam tapdıq. Mənlə Seymur isə onu Bulvara gözləyirdik. Bu zaman ata yenə zəng etdi ki, mənim telefonum orada qalıb və onu götürün.
Seymurla bərabər yenidən 39-cu bölməyə qayıtdıq. Bölmənin önündə olanları da yəqin video görüntülərdən görmüsünüz.
Sonra bölmənin rəisi olduğunu deyən mülki geyimli şəxs- Xəyal Kazımov Seymurla məni içəri apardı. Həbs olunan bəylər dəhlizin sol tərəfində gözləyirdilər.
Atanın telefonunu vermədilər. Qırmızı-qırmızı polis əməkdaşı dedi ki, telefonu burada yoxdur. Halbuki mən öz telefonumu götürəndə atanın telefonunu digər telefonlarla bir yerdə gördüm.
Polis rəisi özünü elə aparırdı ki, Tofiq Yaqublunun niyə elə olduğundan sanki xəbəri yoxdur.
Təsəvvür edin adam əli ilə Tofiq Yaqublunu bandit dəstəsinə təhvil verir və hələ arsız-arsız deyir ki, xəbərim yoxdur. Tofiq Yaqublu Ələtə sanki öz istəyi ilə gəzməyə gedib. Bu adam hələ nə cinatət törətdiyinin fərqində deyil. Əmr İlham Əliyevdən gələndən sonra onun hünəri nədir ki, etiraz etsin. Əksinə buna görə mükafatlandırılacağını bildiyi üçün canla-başla hərəkət edib. Desəydilər ki, Tofiq Yaqublunu güllələyin, ona da canla-başla əməl edəcəkdilər. Əmrə müntəzir olan kölələr cəmiyyətin ən təhlükəli, ən iyrənc məxluqlarıdırlar.
Yenidən Bulvara qayədıb atanı gözlədik. Atagil gəlib çatanda maşında atanı görəndə deməyə söz tapmadım…
Ata məni görmürdü. Göz qapaqlarını zərbələrdən əmələ gələn hematomalar elə qapatmışdı ki, açılmırdı.
Mən sadəcə atanı bərk-bərk qucaqladım.
Vilayət Eyvazov hələ də cinayəti törədənlərin kimlər olduqlarını bilmir. Kömək üçün deyim ki, 39-cu polis bölməsinin rəisindən soruşsun o, hər şeyi deyəcək. Çox dağa-daşa düşməsinlər.
Hələ mən bölmədə olanda atanı başqa mülki polisdən soruşanda mənə dedi ki, “maarifləndirirlər”. Yəni, polis bölməsində əksər polislərin Tofiq Yaqubluya işgəncə veriləcəyindən məlumatları olub.
Tofiq Yaqubluya qarşı törədilən cinayətdə işgəncə verən banditlərlə yanaşı 39-cu polis bölməsinin əməkdaşları da məsuliyyət daşıyırlar.
Ortada bu qədər dəhşətli cinayət olub-polis bölməsindən adam oğurlanıb, işgəncə verilib, amma prokurorluq cinayət işi açmır.
Nəyi düşünürlər? Faktı necə dana biləcəklər axı?
Tofiq Yaqubluya işgəncə verdirənin İlham Əliyev olduğunu,bu işgəncənin icraçılarının da kimlər olduğunu da xalq bilir.
Sonunuz o qədər yaxın görünür ki…
Əmin olun buna görə hamınız cəzalanacaqsınız. Heç kimə əfv olmayacaq!!!