Hüquq müdafiəçisi Zaur Əkbər
Avropa Ittifaqı Şərq Tərəfdaşlığı sammiti öncəsi bir qrup vətəndaş cəmiyyəti fəalı Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentləri cənab Charles Michel və xanım Ursula von der Leyenə müraciət ünvanlayıb.
Sizin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə 15 dekabr 2021-ci il tarixində gözlənilən görüşünüzü nəzərə alaraq Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən aşağıdakı şəxslər bu görüşdən ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması və problemlərin çözülməsi üçün faydalanmaq qərarına gəlib.
Vətəndaş cəmiyyəti fəalları AB-nin Azərbaycanla daha yaxından və sıx əməkdaşlıq etmək məramını, AB institutlarının bu yöndə atdığı addımları və eləcə də Azərbaycan hökumətinin avrointeqrasiya xəttini tutması barədə bəyanatlarını yüksək qiymətləndirir. AB ilə daha sıx inteqrasiyanın Azərbaycan üçün, ölkənin demokratik inkişafı, insan haqlarına dönmədən əməl olunması üçün qaçılmaz şərt olduğunu və VC üzvləri olaraq ümumavropa dəyərlərinə və Azərbaycanın bu məkanın bir parçası olması ideyalarına sadiq olduğumuzu bir daha qeyd edərək Azərbaycanla hər sahədə, o cümlədən insan haqları sahəsində daha intensiv əməkdaşlıq üçün bütün mümkün səylərinizi əsirgəməyəcəyinizə inanırıq.
VC üzvləri olaraq ölkədə insan haqları, bu sahədə problemlərin aradan qaldırılması üçün birgə işlər, bu məsələnin daimi gündəmdə saxlanması üçün işlək müxanizmlər qurulması mövzularının Azərbaycan Przidenti ilə görüşünüzdə xüsusi yer tutmasını, ağırlıq təşkil etməsini arzu edərdik.
Azərbaycanda insan haqları ilə bağlı durum vətəndaş cəmiyyəti nümayəndələrini və hüquq müdafiəçilərinin ciddi narahatlıq mənbəyi olaraq qalır. Vəd olunan islahatlara baxmayaraq həm məhkəmə sisteminin müstəqilliyi, polisin, penitensiar sistemin, eləcə də inzibati orqanların işində qanunlara əməl olunması və qanunvericiliyin yaxşılaşdırılması sahəsində işlər ya olduqca ləng aparılır ya da heç bir irəliləyiş yoxdur.
Polisdə və ya penitensiar sistemdə, eləcə də bəzi hərbi hissələrdə özbaşına həbslər və işgəncələrin qarşısını vaxtında ala biləcək mexanizmlər çox kövrək olduğundan ciddi məqamlarda demək olar ki işləmir. Bunun nəticəsində hər il 100-lərlə belə qanunsuzluq halları baş verməkdə, ən əsası belə hallar çox vaxt araşdırılmamış, təqsiri olanlar cəzalandırılmamış qalmaqdadır.
Ölkədə media azadlığı, publik informasiyaların şəffaflığı, toplaşma və birləşmə azadlığı, vətəndaş cəmiyyəti institutlarının, hüquq müdafiəçilərinin maneəsiz işləməsi üçün ciddi qanunvericilik və inzibati məhdudiyyətlər qalmaqdadır.
Ölkədə o cümlədən müxalif, tənqidçi siyasi partiyaların normal işləməsi, bütünlükdə tənqidçi siyasi fəaliyyət üçün olumsuz problemlər aradan qaldırılmır.
Bütün səviyyələrdən olan seçkilərdə azad və ədalətli seçki hüquqlarının təmin edilməməsi, seçici iradəsinin çoxlu hallarda saxtalaşdırılması ölkədə demokratik inkişafın qarşısında ciddi maneə olaraq qalmaqdadır.
Göstərdiyimiz məsələlərin cənab İlham Əliyevlə görüşün əsas mövzuları sırasında olması, bu sahədə birgə əməkdaşlıq və həll yollarının axtarılması, AB-nin Azərbaycana bu məsələlərdə yaxından yardım etməsi durumu irəli aparmağa təkan verəcəyinə umidimiz çoxdur.
Azərbaycan AB-nin həm yuxarıda göstərdiyimiz sahələrdə, həm də iqtisadi və sosial layihələrin gerçəkləşdirilməsi, korrupsiyanın azaldılması və yoxsulluğun azaldılması, əhalinin yoxsul təbəqələrinin hüquqi xidmətə çatımının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin dağıntılardan təmizlənməsi və bərpa edilməsi, orada infrastruktur və sosial layihələrin gerçəkləşdirilərək 100 minlərlə köçkünlərin doğma yerlərinə köçürülməsi kimi humanitar layihələrdə Azərbaycanla sıx əməkdaşlıq edəcəyinə və yaxından dəstəkləyəcəyinə inanırıq.
Müraciətə əlavə olaraq qoşulmaq istəyənlər sabah saat 18:00-a qədər şərh bölməsinə qeyd edə bilərlər.
- Anar Məmmədli
- Akif Qurbanov
- Alya Yaqublu
- Bəşir Sülyemanlı
- Əlayif Həsənov
- Fikrət Cəfərli
- İlham Hüseynli
- Nəsimi Məmmədli
- Rəşid Hacılı
- Rüfət Səfərov
- Rövşən Hacıbəyli
- Samir kazımlı
- Samirə Ağayeva
- Səməd Rəhimli
- Şəhla Hümbətova
- Şəmşad Ağa
- Zaur Əkbər
- Zəfər Əhmədov