AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Rusiya Federasiyasının NATO və ABŞ-a təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədinə görə NATO və ABŞ Ukrayna, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığını dayandırmalı, bu region dövlətlərinin NATO-ya üzv qəbul edilməyəcəyinə dair yazılı hüquqi təminat verməlidirlər.
Putinin bu demarşı böyük risk daşıyır və Rusiyanı qlobal toqquşmaya aparır.
Necə?
1) Aydındır ki, NATO və ayrılıqda ABŞ bu tələbi qəbul edə bilməz. Çünki bu mövcud beynəlxalq münasibətlərin əsasında duran BMT-nin “xalqların öz müqəddəratını təyin etmə” və Helsinki yekun aktının “dövlətlərin suverenliyinin toxunulmazlığına dair” prinsipinin kobud şəkildə pozulması, qlobal anarxiyaya yol açılması demək olar.
2) Bu təklifin qəbul edilməsi Rusiyanın imperial iddialarının legitimləşməsinə və beynəlxalq təhlükəsizliyin mövcud arxitekturasının dağılmasına gətirib çıxara bilər.
3) Rusiyanı yeni ekspansiya hərəkətlərinə və “təsir zonalarını” genişləndirməyə stimullaşdıra bilər.
4) Putinin şərtlərini qəbul etmək NATO – nun ardınca, AB-də geosiyasi iddialarının bloklanması demək olar.
Bu gün Qərblə Rusiya arasında yaşanan gərginlik geosiyasi rəqabətin nəticəsidir və Qərb heç bir halda bu prosesdə öz qlobal maraqlarını Moskvanın istəkləri ilə çərçivələyəsi, güzəştə gedəsi deyil. Ona görə də, rəqabətdə uduzan tərəfin güclü tərəfə dayanmaq, durmaq öhdəliyi diktə etməsi heç bir halda uğurlu nəticə verə bilməz.
Əksinə, Putinin təklif etdiyi bu öhdəlik sənədinin son nəticədə onun hakimiyyətini çox çətin bir duruma salacağı gözlənilir. “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədi NATO tərəfindən rədd ediləcəyi halda, Moskva Ukraynaya müdaxilə edərsə, onda bu Putinin Qərbə verdiyi əks cavab kimi qəbul ediləcək. Bu zaman Ukrayna NATO-nun cavabına görə hücüma məruz qaldığı üçün Qərbin Ukraynayanı daha fəal müdafiə etmə öhdəliyi də yaranacaq.
Ən mühümü isə NATO Rusiyanın təklifini kollektivi qərarla rədd etdiyinə görə, bu həm də Rusiyanın ekspansiyasına qarşı kollektivi fəaliyyət öhdəliyi, birgə məsuliyyət yaradacaq. Bu günə qədər Rusiya ABŞ və Avropa arasında fikir ayrılıqlarından, eləcə də Avropa ölkələri arasındakı fərqli yanaşmalardan çox bəhrələnib. İndi isə Putinini təklifinə verilən kollektivi cavabın məsuliyyəti Qərbi NATO şəmsiyyəsi altında vahid mövqedə birləşdirəcək. Bu halda Putinini Ukraynaya müdaxilə qərarından geri çəkilməyə məcbur olacaq. Çünki güclü silahlarla təhciz ediləcək Ukrayna ordusu və ağır iqtisadi sanksiyalar qarşısında Rusiyanın uğur qazanmaq şansı az ehtimal olunur.
Əgər Rusiya Ukraynaya ilə bağlı hədə qorxudan o yana gedə bilməyəcəksə, yerində sayacaqsa, o zaman Putinin aqressiv ritorikası öz təsirini itirəcək və NATO nun genişlənmə məsələsi bu konteksdə öz geosiyasi həllini tapmış olacaq. Və postsovet respublikaları da ard – arda Qərblə əməkdaşlığı dərinləşdirmək imkanı qazanmış olacaqlar. Bu həm də Rusiya daxilində də mövcud rejimin ideoloji, siyasi dayaqlarını sarsıdacaq.