AXCP sədri Əli Kərimli
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bu ölkənin ən işıqlı gənclərindən biridir. Gənc və perspektivli siyasətçidir. Hər zaman mübarizənin önündə olan dostlarımızdandır. İntellektualdır, şairliyi də var, sinədəfdərdir. Hər kəslə öz dilində danışa bilir. Mitinqlərimizin uğurlu aparıcısıdır. Yaxşı təşkilatçıdır. Əslində əsl dövlət adamıdır. Ölkə idarəetməsində tapşırılan bir istiqamətdə uğurlu islahatlar aparacaq bir siyasətçidir. Ancaq təəssüf ki, o da digər dostlarımız kimi, öz qabiliyyətini ölkənin idarə olunmasına həsr etməkdənsə, vaxtaşırı qanunsuz həbslərlə üzləşir. İlham bəy indiyədək çox təzyiqlərə məruz qalıb. İndiyədək neçə dəfə inzibati qaydada həbs olunduğunu əminəm, özü də unudub. Dekabrin 1-də Bakıda, Fəvvarələr Meydanında keçirilmiş “Saleh Rüstəmliyə azadlıq!” aksiyasında həbs olunmuş 5 nəfərdən biri də İlham bəy idi. Digər aksiya iştirakçılarının inzibati həbs müddəti başa çatıb, onlar azadlıqdadırlar. İlham Hüseynə isə hakimiyyət yenə də xüsusi qərəzlə yanaşıb. Onun həbs müddəti 30 gün olduğundan, hələ də həbsdədir. İlham bəyi belə həbslər yolundan döndərə bilməz. Təəssüf ki, bu ölkədə bacarıqlı, ləyaqətli, mübariz insanların əksəriyyəti eyni taleyi yaşayır. Ancaq həmişə belə olmayacaq. Bu ölkənin də önü açılacaq. Gün gələcək, bu ölkədə də insanlar rüşvətə, qohumbazlığa, yaltağlığa görə deyil, qabiliyyətinə, ləyaqətinə, peşəkarlığına görə irəli çəkiləcək. Qabiliyyətli və ləyaqətli siyasətçilərin sorağı həbsxanalardan deyil, parlament və hökumətdən gələcək. İlham bəyə də, Saleh Rüstəmliyə azadlıq tələbilə keçirilmiş 3 aksiyanın 100 nəfərdən artıq digər zərərçəkənlərinə də keçmiş olsun. Ümid edirəm, əziyyətləri yerdə qalmaz, Saleh Rüstəmlinin azadlığa çıxması ilə bu səhifəni millətcə xoş ovqatla qapadarıq.