Tural Ağayev
Bayrağın aşağı endirilməsinin ifadə azadlığının əhatə dairəsinə aid olub-olmamasını qiymətləndirmək düşündüyümüz kimi o qədər də sadə deyil. Ümumiyyətlə digər nisbi hüquq və azadlıqlarda olduğu kimi şəxsin ifadə azadlığı da iki halda pozulur. 1. Şəxsin ifadə azadlığının sərhəddini keçməyən əməli məhdudiyyətə məruz qalanda, məsələn, bu əməl cəzalandırılanda; 2. Şəxsin əməli ifadə azadlığının sərhədini keçsə də, qeyri-proporsional cəza tətbiq ediləndə.
Fuad İsmayılovun bayrağı endirməsinin ifadə azadlığının pozuntusu olub olmadığını müəyyənləşdirmək üçün aşağıdakı sualların cavabı müyyən edilməlidir.
- Bayraq həqiqətən də əski parçasıdırmı?
- Fuad İsmayılovun əməli ifadə azadlığının sərhəddini keçibmi?
- Əgər keçibsə, ona tətbiq edilən cəza adekvatdırmı?
Birinci sualdan başlayaq. Bayraq bəziləri üçün bir əski parçası, digərləri üçün isə simvolik mənası olur. Xüsusilə Qərbin inkişaf etmiş dövlətlərindən şərqə tərəf zəif inkişaf edən və ya inkişaf etməyən dövlətlərə doğru bayrağa münasibəti müqayisə etsək görərik ki, iqtisadi inkişafın səviyyəsi, yaşayış standartları aşağı düşdükcə, eyni zamanda demokratiya avtoritarizmlə əvəz olunduqca inanclara və simvollara inam, sevgi artır. Bu faktdır, mülahizə deyil. Doğrudur, yanlışdır, onu da heç müzakirə etməyək. Bu inancın, simvollara sevginin ölçüsü insan hüquqlarının, hazırkı situasiyada ifadə azadlığının sərhədlərinin dəyişdirilməsinə, daha dəqiq desək daraldılmasına səbəb ola bilir. Bu tək simvollarla bağlı deyil, dini inanclarda da eyni vəziyyət müvcuddur. “Bu ölkədə İsrail bayrağı da təhqir edilir, İran bayrağı da, heç belə reaksiya olmur” sualının da cavabı əslində bu faktdadır. Dövlətlərin əsas vəzifəsi insan hüquq və azadlıqlarını qorumaq, eyni zamanda ictimai sabitliyi, vətəndaşların təhlükəsizliyini təmin etmək, ölkədaxili qarşıdurmaya gətirib çıxaracaq halların qarşısın almaqdır. Dövlətlərin şəxslərin hüquq və azadlıqlarına müdaxiləsi qarşıdurma ehtimalının, ictimai asayişə real təhlükənin artmasına düz mütənasibdir.Başqa sözlə, təhlükə artıqca müdaxilə də artır. Bu səbəbdən İsrail, İran və ya Türkiyə bayrağının təhqir edilməsinə dövlət tərəfindən ediləcək müdaxilənin həddinin bu bayraqlara olan sevginin ölçüsü, təhqirin gətirib çıxaracağı nəticələrin miqyası müəyyən edir. Dinlərlə də bağlı vəziyyət eynidir. Bir ölkədə hansı din dominantdırsa, həmin dinə qarşı ifadə azadlığının sərhəddi daha dar çərçivədədir. Dünyada da eynidir. Dünyada bütün dinlər eyni dərəcədə qoruma altında deyil, dominant dinlər daha çox qorunur. Gələk yenidən bayraq məsələsinə. İsrail və ya İran bayrağına hörmətsizlik də milli, irqi nifrət və düşmənçiliyə gətirib çıxara bilər, amma Türkiyə bayrağına münasibət ölkədə fərqlidir, ölkə əhalisinin mütləq əksəriyyətinin bu bayrağı öz bayrağı ilə bütünləşdirdiyi bir faktdır. Bu səbəbdən Türkiyə bayrağına hörmətsizliyin yarada biləcəyi milli, irqi və s. nifrət və düşmənçiliyin miqyası daha böyük ola bilər. Belə olduqda iki fərqli bayrağa fərqli münasibətin olması qaçılmazdır.
Gələk ikinci suala. Fuad İsmayılovun əməlinin ifadə azadlığının sərhədini keçib keçməməsini müəyyən etmək qismən mümkündür. Mütləq əksəriyyətin hörmət göstərdiyi simvola ictimai şəkildə hörmətsizlik edib. Amma ifadə azadlığının sərhəddini çox keçib və ya az keçib bunu müəyyən etmək üçün əlimizdə kifayət qədər sübut yoxdur. Əgər əməl heç bir ciddi motiv olmadan, sadəcə spontan olaraq gedib bayrağı qoparıb yerə atmaqdan ibarətdirsə, bu halda həmin sərhəddi çox keçmiş hesab olunmur. Yox, əgər həmin əməl hansısa ciddi əməlin, məsələn uzun müddətli nifrət nitqinin sonuncu epizodudursa, bu zaman srəhəddi bir az daha çox keçmiş hesab olunur. Amma bunlar mülahizədir, fakt deyil. Bu səbəbdən əlimizdə olan video material əsasında Fuad İsmayılovun ifadə azadlığının sərhəddini çox da böyük olmayan ölçüdə keçdiyini demək olar. Digər tərəfdən nəzərə alaq ki, Fuad İsmayılov həm də başqasının bayrağını korlayıb. Yəni bayraq özünün olmayıb. Əgər o bayraq hansısa fərdə məxsusdursa, bu Fuad İsmayılovun əleyhinə qiymətləndiriləcək haldır.
Əsas məsələyə- üçüncü suala, yəni tətbiq edilən cəzanın proporsional olub-olmamasına gəlincə, hələ ki, hər hansı bir cəza tətbiq edilməyib. Həmin şəxslə bağlı adekvat addım xəbərdarlıq və ya vurulan zərəri də ödəməklə müəyyən məbləğdə cərimə olardı. Ancaq hazırkı situasiyada hətta o, buraxılsa belə bir neçə səbəbdən artıq onun ifadə azadlığının pozulduğunu demək olar: 1. Dövlətin öhdəliklərindən biri ölkədə ictimai qaydanın qorunmasıdır ki, bunlardan biri qütbləşmənin qarşısının maksimum alınmasıdır. Bunun üçün atılacaq vacib addımlardan biri həmin video görüntülərin paylaşılmaması idi. Ancaq görünən odur ki, hökümət özü bu videogörüntüləri paylaşaraq, cəmiyyətdə müəyyən mənada azlıqla çoxluğu – bayrağa sevgisi olanlarla, bayrağı adi parça hesab edənləri üz-üzə qoydu. Bundan başqa bütün hökümətə bağlı media qurumları, eləcə də dominant çoxluq tərəfindən onun haqqında linçlənmə aparılması da, dövlətin nəinki pozitiv öhdəliklərinin yerinə yetirmədiyinin, hətta özü həmin epizodu ictimailəşdirərək hazırkı qütbləşməni yaaratdığının göstəricisidir.
Qeyd edilən səbəblərdən düşünürəm ki, Fuad İsmayılov ifadə azadlığının sərhəddini keçsə də, ona qarşı atılan addımlar adekvat olmadığı üçün bu addımlar həmin şəxsin ifadə azadlığının pozulmasına səbəb olub.