Demokratiya 1918 Hərəkatının üzvü Cəlil Zabidov inzibati qaydada həbs olunub.
Bu barədə Hərəkatdan məlumat verilib.
Məlumata görə, o, dünən, yanvarın 31-də günorta saatlarında yaşadığı Yardımlı rayonundakı kafelərin birində əyləşdiyi zaman saxlanıb, polis şöbəsinə, bir neçə saat sonra isə Yardımlı Rayon Məhkəməsinə aparılıb: “Cəlil Zabidov məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka inzibati həbs cəzası alıb”.
Demokratiya 1918 Hərəkatından C.Zabidovun həbsini siyasi sifariş hesab etdiklərini bildiriblər. Onun sosial şəbəkələrdə ölkə rəhbərliyini sərt tənqid etdiyi deyilir.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və Yardımlı Rayon Məhkəməsindən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar insanların tənqidi mövqelərinə görə həbs və təqib edilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, əsassız sayırlar.
Azadlıq radiosu