Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Şükürlər olsun, ölkəmizdə və eləcə də bütün dünyada COVİD-19 xəstəliyi zəifləməkdədir. Ölkəmizdə rəsmi statistikaya görə artıq bu xəstəlikdən ölən, demək olar ki, yoxdur, yoluxma sayı cüzidir. Ancaq buna baxmayaraq karantin bütün ciddiyəti ilə qalmaqdadır.
Avropada artıq çoxdandır karantin tədbirləri ləğv edilib. Maska məcburiyyəti yoxdur. Düzdür, burada ictimai nəqliyyatda- metroda, avtobuslarda ölkəmizdəki kimi sıxlıq yoxdur, ancaq bu pandemiyanın deyil, yarıtmaz idarəçiliyin, korrupsiyanın fəsadlarıdır. Avropada xeyli müddətdir ki, restoranlarda, teatrlarda, kütləvi tədbirlərdə maskadan istifadə edilmir. Ölkəmizdə isə, artıq buna zərurət olmadığı halda, bütün məhdudiyyətlər qalır, hətta COVİD-19-la bağlı karantin qaydalarını pozduğuna görə insanlar cərimə edilirlər.
Ən acınacaqlı durum isə sərhədlərimizdədir. Burada dünyanın heç bir ölkəsində təsadüf edilməyən əcaib gerçəklik mövcuddur. Quru sərhədlərimiz 2020-ci ildən bağlıdır və pandemiyanın artıq öz aktuallığını itirməsinə baxmayaraq Azərbaycan vətəndaşları hələ də öz vətənlərinə sərhəddi quru yolla keçərək daxil ola bilmirlər. Bunun üçün onlar qiyməti, Gürcüstanda, Ermənistanda, Türkiyədə, Avropada olduğundan 3-4 dəfə baha qiymətə uçaq biletləri almalıdırlar. Bu əməlin adı təkcə soyğunçuluq deyil, həm də dilənçilik. Mədəni şəkildə dilənçilik.
Avropada, dünyada artıq uçuşlar zamanı PCR testi də tələb olunmur. Ancaq zavallı bizlər- Azərbaycan vətəndaşları yenə də aviaşirkətlər kimi eyni şəxslərin monopoliyasında olan klinikalara üz tutaraq adambaşına 60-90 manat ödəməklə PCR testi verməliyik ki, məsələn, 800 manata bilet alıb Istanbula uçaq. Halbuki həmin bileti gürcülər və hətta ermənilər 200 manata alır.
Pulu olmayan kasıb vətəndaş isə Vətəninə qayıda bilməz, başqa ölkənin sərhədində yıxılıb ölməlidir.
Mənə elə gəlir ki, kimsə, nə vaxtsa “Dövlət necə olmamalıdır” adlı dərslik yazsa, Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına münasibətdə tətbiq etdiyi bu diskriminasiya siyasətini orada mütləq mənfi örnək kimi təqdim edəcək.
Ən qısa zamanda COVİD-19 qadağaları ləğv edilməli, ölkənin quru sərhədləri açılmalıdır!