Samir Əliyev
Artıq 3 ildir ki, dostumuz Faiq Məmmədov haqsız olaraq həbs həyatını yaşayır. Səbəb odur ki, ölkədə əlçatmaz olan bir qrup Faiqin və digər şəxslərin vəsaitlərini mənimsəyiblər, nəticədə məhkəmə zərər çəkmiş olan Faiqi 2 may 2019-cu il tarixində günahkar qismində həbs edib. Halbuki Faiqin özü də fırıldaqçılığın qurbanı olub. Sadəcə onun “günahı” zərərçəkmiş şəxsləri bir araya gətirərək öz pullarını hamılıqla tələb etməsi olub. Əsas günahkarlar, məmurlara bağlı fırıldaqçılar kənarda gəzdiyi halda 29 iyul 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun əsassız hökmü nəticəsində,zərərçəkmiş Faiq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Faiqlə ilk tanışlığım təxminən 2006-cı ilə təsadüf edir. Onunla British Council təşkilatının layihəsində işləmişdik. Onu yaxından tanıyanlar bilir ki, peşəkar olmaqla yanaşı çox vicdanlı şəxsdir. Kimsənin haqqına girəcək şəxs deyil. Əminəm ki, onu tanıyanlar fikrimi təsdiqləyər. Faiq həm dövlət (Mərkəzi Bank, İpoteka Fondu), həm yerli şirkətlərdə (Ata Holdinq, “Təmiz Şəhər” ASC), həm də müxtəlif beynəlxalq təşkilatların (BMT-nin Azərbaycan nümayəndəli, Dünya Bankı) layihələrində ekspert qismində çalışıb. Yəni mən sadəcə onun çalışdığı sahələrin yadımda qalanlarını yazmışam.
Hadisə də təxminən belə olub: Faiq 2016-cı ildə,etibarlı dostu vasitəsilə tanış olduğu, özünü sahibkar kimi təqdim edən Fuad Bayramov tərəfindən gəlirli bir biznesə investisiya qoymağı üçün təklif alır. Fuad Bayramov özünü “MƏK-AN” MTK təchizatçısı kimi təqdim edir. Nəticədə 2016-cı ilin aprel ayından 2017-ci ilin sonuna qədər olan dövrdə Faiq və digər şəxslərdən müxtəlif layihələr üzrə vəsaitlər alaraq cəlb edir və layihə bitdikdən sonra gəlirlə birlikdə vəsaiti geri qaytarır. Beləliklə insanların etibarını qazandıqdan sonra 2017-ci ilin sonu Fuad Bayramov daha iri həcmli, qısa müddətli və gəlirli layihələr (bina tikintisi və təchizat işləri) təklif edərək camaatdan pul toplayır. Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun “MƏK-AN” MTK-da qalması bəhanəsi ilə ödənişi ləngidir, sonra isə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini bildirir. Beləliklə, 100-ə yaxın ailə verdiyi pulu geri ala bilmir. Nəticədə, zərərçəkmişlərin şikayəti əsasında Bayramov Fuad Sabir oğlu 2018-ci il mart ayının 31-də həbs edilir. Zərərçəkmişlər eyni zamanda Faiqin iqtisadi biliklərini nəzərə alaraq təmsilçilik hüququnu ona həvalə edirlər. Ona görə də mətbuata açıqlamalarda, piketlərdə təşkilatçı Faiq olur. Mətbuat da bu işdə zərərçəkmişlərə lazımi dəstək verərək problemi işıqlandırır. Növbəti çıxışların birində Faiq Məmmədov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunaraq istintaqa cəlb edilir. Həbsə səbəb Fuad Bayramovun Faiqin əleyhinə qərəzli və yalan ifadəsi olub.
Hal-hazırda Faiqin vəkili,işi Bakı Apellyasiya Məhkəməsinə təqdim edib. Təsadüfə bax ki, hakim də onun adaşıdır – Faiq Qasımovdur. Neçə vaxtdır proses gedir, amma hələki ədalətli hökm yoxdur. Məsələ ondadır ki, prosesdə adı hallanan Fuad Bayramov ifadə verərək Faqin günahsız və zərərçəkmiş olduğunu bildirib və hər bir görülən işin özünə məxsus olduğunu hakimə təqdim etdiyi ərizədə qeyd edib. Hətta zərərçəkmiş şəxslər Faiqin günahsız olduğunu bildirirlər. Ancaq məhkəmənin ilkin stansiyası yüksək vəzifəlilərin göstərişi əsasında onu günahkar sayıb. Apellyasiya Məhkəməsi isə yuxarıdan tapşırıq gözləyirmiş kimi hələki qərar verməyə tələsmir. Görəsən, hakim Faiq ziyalı Faiqi anlayacaqmı, yoxsa ona münasibətdən sıradan bir qərar verərək onun həyatını puç edəcək?
Bu statusu oxuyan şəxslər təəssüf hissi keçirərək “bu, ilk belə hal deyil və sonuncu da olmayacaq” deyəcək. Bu fikirlərdə həqiqətlər var. Öz tərəfimdən bildirim ki, Azərbaycan iqtisadiyyatının inkişafına mane olan, o cümlədən xarici investisiyaların gəlməsini əngəlləyən əsas səbəblərdən biri də məhz məhkəmələrin müstəqil olmamalarıdır. Bunu dəfələrlə vurğulamışıq. İndi sadəcə bir insanın, bir ziyalının həyatı məhkəmənin qərarından asılıdır. Faiq günahsız yerə 3 il həbs həyatı yaşayıb və itirilmiş illəri heç kim ona qaytarmayacaq. Heç olmazsa bundan sonra azadlıqda yaşamaq haqqı qazansın, daha 8 il türməyə məhkum edilməsin, 9 yaşlı övladı ata həsrəti ilə yaşamasın.
Çox ümid edirəm səlahyyətli qurumlar Faiq Tahir oğlu Məmmədovun günahsız türmə həyatı yaşamasına imkan verməyəcəklər.