Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün aprelin 16-da günorta tanınmış Kremlpərəst publisist və jurnalist Andrey Karaulov Ukrayna xalqına və prezident Volodimir Zelenskiyə müraciət edərək çoxmilyonlu insan itkisinə yol verməmək üçün kapitulyasiyaya çağırıb. Adam Putini bu cinayətdən çəkindirmək əvəzinə Zelenski təslim olmağa çağırır. Görünür bu da Rusiyasayağı “ədalətin və humanizmin” təzahürüdür.
Karaulov bildirib ki, prezident Putinin yaxın gələcəkdə, bəlkə də bazar günü Ukraynaya müharibə elan edəcəyilə bağlı öz fərziyyəsini irəli sürür. Buna səbəb Rusiya ərazisinin son atəşə tutulmasıdır. Bəs indiyə qədər Putinin Ukraynaya qarşı apardığı nə idi? Buçada, Xarkovda, Mariopolda, Zaporojestdə törədilənlər başqa müharibə yox, müharibənin baş məşqi idi?
Hissiyatina əsaslanaraq Karaulov xəbərdarlıq edir ki, Putin dayanmayacaq, onun başqa yolu yoxdur”. O, qeyd edir ki,
bu, başqa bir müharibə olacaq – raketlərdən, o cümlədən Yars, Bulavadan total istifadə ediləcək ki, bu da milyonlarla, bəlkə də on milyonlarla Ukrayna vətəndaşının, o cümlədən rusların ölümünə səbəb olacaq. O həmçinin bildirib ki, Ukraynaya qarşı nüvə silahının tətbiqi məsələsi həqiqətən də gündəmdədir. Əgər bir tanınmış jurnalist, özünü bir rus ziyalısı, bir teleaparıcı bunları hiss edib susursa, işğalçını deyil, işğalın qurbanını təslim olmağa çağırırsa bu doğrudan da faciədir. Bu gün Putini saxlayacaq başlıca güc rus xalqının etirazıdır. Onun ayrı cür dayandırılması rus xalqına da baha başa gələcək.
Karaulov alver təklif edir. Onun fikrincə Krım və Donbasın Rusiya ərazisi kimi tanınması sülh üçün ilkin şərtdir. O qeyd edir ki, vəziyyətdən çıxmaq üçün Kiyev Krımı Rusiyanın ərazisi kimi tanımalı, həmçinin Luqansk və Donetsk vilayətlərinin, hətta Ukraynanın sol sahilinin itirilməsilə barışmalıdır. Və guya bu itkilər Ukraynanın NATO-ya yolunu açacaq. Bundan sonra Ukraynanın NATO-ya daxil olması onun təhlükəsizliyini yüz il təmin edəcək. Ukrayna Krımdakı Rusiya hərbi bazaları ilə NATO-ya daxil ola bilməyəcək.
Karaulov tarixdən nümunə də gətirir. Belə kapitulyasiyaya tarixi nümunə kimi Yaponiyanı göstərir. Amerikalılar Xirosima və Naqasakiyə iki atom bombası atdıqdan sonra Yaponiya kapitulyasiya edib və bununla da ölkəni və milyonlarla insanın həyatını xilas edib. “Yaponiya 4 ada itirdi, lakin dünyanın aparıcı dövlətinə çevrildi”. Olmazdı ki, Rusiya o 4 adanı tutmadan özü dünya dövlətinə çevrilərdi? Və rus xalqı da bu günkü fəlakətli duruma düşməzdi?