İctimai fəal Bəxtiyar Hacıyev
Mənə qarşı törədilmiş ləyaqətsiz cinayət Azərbaycanda hakimiyyət tərəfindən vətəndaşlara qarşı törədilmiş ilk cinayət deyil, ancaq son olmalıdır.
Bundan əvvəl Tərtər hadisələri, Gəncə hadisələri, Nardaran hadisələri, ayrı-ayrı siyasi partiya fəallarının şərlənərək həbs edilməsi, hüquq müdafiəçilərinin döyülməsi, Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq oğurlanması və döyülməsi, insanların mülkiyyət hüquqlarının pozulması, evlərinin başlarına uçurulması, milyonlarla vəsaiti özünə götürüb, insanlara 190 manatlarının verilməməsi, ayrı-ayrı şəhid ailələri və qazilərə qarşı ədalətsizliklər də daxil olmaqla hər bir vətəndaş az, ya da çox ədalətsizliklərlə üzləşir. Bunun dayandırılması lazımdır.
Haqsızlıqları dayandırmaq və hamı üçün ədaləti təmin etmək üçün ölkə daxilində və ölkə xaricində yaşayanların ata biləcəkləri addımlar var.
🔳 Ən qısa zamanda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar üçün müxtəlif dillərdə hazır mətnlər və həmin ölkələrdəki parlamentlər, beynəlxalq və yerli təşkilatlar, beyin mərkəzlərinin elektron poçt ünvanları olan siyahı verəcəyik. Çalışacağıq ki, maksimum rahat şəkildə müraciətlər maksimum çox sayda həmyerlimiz tərəfindən maksimum çox ünvana çatdırılsın, görüşlər alınsın, Azərbaycan hakimiyyətinin öz vətəndaşları ilə mafiya qaydaları ilə davranmasına görə sanksiyaların tətbiqi tələbi qoyulsun. (Hazır email siyahıları olan, müxtəlif ölkələrdəki qurum və şəxslərin siyahılarını hazırlaya biləcək, müxtəlif dillərdə peşəkar tərcümə edə biləcək könüllülər mənə yaza bilərlər).
🔳 Ölkə daxilindəki ən böyük siyasi partiyaların da, müxtəlif məsələlər, ideyalar, inanclar ətrafında birləşmiş hərəkatlardan da açıq və böyük dəstək mesajları gəlir. Biz bütün kiçik siyasi, dini, ideoloji fərqləri kənara qoyaraq bu qüvvələrin birlikdə addım atması üçün çağırışlar etməliyik, ən qısa zamanda “HAMI ÜÇÜN ƏDALƏT” şüarı ilə kütləvi aksiyalara başlamalıyıq.
Bu aksiyalarda birləşdirici mesaj və tələb “ƏDALƏT!” olmalıdır. Milli Şura “Siyasi məhbuslara ƏDALƏT!”, VİP “Əli Əliyevə ƏDALƏT!”, Müsəlman Birliyi Hərəkatı “Hacı Taleh üçün ƏDALƏT!”, qadın hüquqları qrupları “Qadınlar üçün ƏDALƏT!”, Tərtər qurbanları “Tərtər üçün ƏDALƏT!”, qazilər “Qazilər üçün ƏDALƏT!”, işçi hüquqları pozulanlar “İşçilər üçün ƏDALƏT!” şüarları qaldıra bilər. Ancaq hamı ədalətli cəmiyyətdə yaşamaq üçün tələblərə başlamalıdır, çünki səssiz qaldıqca tək-tək hamının qapısını bu vəya digər formada ədalətsizlik döyəcək.
🔳 Son hadisələrdə əsas şübhəli durumunda olan DİN-in rəsmi səhifəsində, DİN rəsmilərinin profillərində, digər qurumların səhifələrində, ölkə rəhbərinin səhifəsindəki postların altında bu məsələ ilə bağlı davamlı şərhlər yazılmalıdır, araşdırma, ədalət tələb edilməlidir.
🔳 DİN yanında İctimai Şura (Baş İctimai Şura İdarəsi) üzvlərinin e-poçt, telefon və sosial şəbəkə hesablarına yazaraq əvvəlki zorakılıqlarda səssizlikləri ilə bu cinayətə də ortaq olduqlarını yazaraq ictimai qınaq etmək. (Üzvlərin siyahısı və məlumatlar ayrıca paylaşılacaq).
🔳 Üzvü, yaxud tərəfdaşı olduğunuz siyasi partiyalara, partiya rəhbərlərinə bu hadisələri ən sərt şəkildə qınamağı, bütün təşəbbüslərə qoşulmağı tələb edə bilərsiniz. Bu və digər hüquq pozuntularına, cinayətlərə səssiz qalan siyasi partiya rəhbərləri ictimai qınaq ilə üzləşməli, belə hadisələr sizin başınıza gələcəyi halda dəstəklədiyiniz şəxsin səssiz qalacağı anlaşılmalıdır.
🔳 Tanıdığınız, hörmət etdiyiniz, izlədiyiniz, böyük auditoriyası olan ziyalılar, tanınmış şəxslərdən ortaya mövqe qoymağı istəyə bilərsiniz. Həmin şəxslərin postlarında son cinayət də daxil olmaqla bənzər hallara reaksiya vermələrini tələb edə bilərsiniz.
Davamı olacaq. Təklifləri, könüllü kömək imkanları olanlar ayrıca şərh, mesaj yaza bilərlər. Bizi tək-tək əzə bilərlər, ancaq minlərlə, on minlərlə insan birlikdə hərəkət edəndə güc olacaq və bu güclə Azərbaycanın Şimali Koreya olmasının qarşısını almalıyıq, haqqı pozulan hər bir vətəndaşa görə #hamıüçünədalət tələb etməliyik.