AXCP sədri Əli Kərimli
Ukrayna – Rusiya savaşı nə zaman bitəcək? Hansı şərtlərlə bitəcək? Bu sualların dəqiq cavabını hələlik heç kim bilmir. Ancaq bir şey məlumdur ki, bütün savaşlar kimi, bu savaş da bitəcək. Bəs savaşdan sonra Ukraynanı necə bir perspektiv gözləyir?
- Əvvəla, müttəfiqləri ABŞ, AB, böyük 7-lər Ukraynanın dağılmış şəhərlərini, yaşayış məntəqələrini yüksək səviyyədə bərpa edəcək. Rusiya raketlərinin, bombalarının dağıtdığı Ukrayna şəhərləri savaş bitəndən bir neçə il sonra ən yaxşı Avropa şəhərləri kimi yenidən tikilib, təmir olunacaq.
- Savaş nəticəsində tam olaraq dağıdılan Ukrayna iqtisadiyyatı müttəfiqlərin yardımı və 100 milyardlarla dollarlıq xarici sərmayə hesabına tamamilə yeni, müasir, Qərb texnologiyaları və standartları ilə yenidən qurulmuş olacaq.
- Ukrayna savaşdan sonra Avropa Birliyinə tam inteqrasiya edib, AB-nin üzvü olacaq.
- Savaş zamanı Ukrayna ordusu NATO standartlarına keçib, NATO silahları ilə silahlanacaq. Beləliklə, savaşdan sonra Ukraynanın NATO silahları ilə silahlanmış, yüksək döyüş qabiliyyətli ordusu olacaq. Ukrayna ordusu Avropanın ən güclü ordusu olaraq savaşı bitirəcək.
- Təəssüf ki, savaş bitənə qədər Ukrayna xalqı xeyli insan həyatı itirəcək, milyonlarla insan ağır məhrumiyyətlər yaşayacaq. Ancaq sonunda Ukrayna xalqı demokratik Avropa dövləti olmaq arzusuna qovuşacaq. Dünyanın 2-ci ordusunun işğal cəhdini dəf etmək Ukrayna xalqına böyük özgüvən verəcək, ukraynalıların milli qüruru çox yüksələcək. Ukraynalılar bütün dünya qarşısında özlərini qürurla təqdim edəcəklər.
Bəli, bu gün şəhərləri, kəndləri viran qoyulan, 13 milyon vətəndaşı ev – eşiyindən didərgin düşmüş (6.5 milyon nəfəri ölkəni də tərk edib), 10 minlərlə insanı öldürülən Ukraynanı əslində çox parlaq bir gələcək gözləyir.