İctimai fəal Bəxtiyar Hacıyev
İlham Əliyev yenə çıxış edib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularını və o dövrü aşağılamağa çalışıb öz ağlınca. Elə danışıb ki, sanki həmin dövrdə atası, ya da özü hakimiyyətdə olsaydı, Azərbaycan SSRİ tərəfindən işğal edilməzdi, onlar müstəqilliyi qoruyardılar, indiyə də G20 üzvü olardıq.
AXC dövrünü tənqid edib, müstəqillikdən elə danışır ki, sanki Putinin hətta ən zəif vaxtında belə ondan qorxub BMT-dəki diplomatlarımızı səsvermədə zaldan çıxaran İlham Əliyev deyil.
Cənab Əliyev, AXC qurucuları DÖVLƏT qurmaq üçün gecə-gündüz çalışırdılar. Onlar mafiya dövləti qurmurdular, təhlükəsizlik naziri camaatın ayağının arasını güdüb şantaj etmirdi, daxili işlər naziri özünü bandit kimi apararaq adam oğurlatmırdı, tənqidçilərin boğazına bıçaq dirəmirdi. Sizin indi fəxrlə dövlət dediyiniz təsisat Azərbaycan xalqının milyardlarını daha rahat oğurlamaq üçün qurduğunuz dəstədən başqa bir şey deyil. Nə qədər gözəl, bəlağətli cümlələrlə bəzəsəniz də, bu həqiqəti gizlədə bilməzsiniz.
SSRİ dağılanda digər ölkələrin “xilaskar Ulu Öndər”ləri yox idi, amma hamısı öz müstəqilliklərinə qovuşdular, onu qorudular. Bəziləri Estoniya, Latviya, Litva kimi tərəqqi, inkişaf, azadlıq, ədalət yolunu seçdilər, Ukrayna, Moldova və Gürcüstan kimi bu yolda mübarizələrini davam etdirənlər də oldu, bir də Lukaşenko və Əliyev kimi Putinin yanında dayanıb öz xalqını əzmək, xalqın sərvətini talamaq yolunu seçənlər oldu.
Bir özünüzün qurduğunuz ailə sisteminə baxın, son 30 ildə ölkədən çıxarıb Londonda, Dubayda aldığınız mülkləri, ofşorlara daşıdığınız milyardları, cinayətkar nazirlər, komitə sədrləri, təyin etdiyiniz kadrlara baxın, sonra Cümhuriyyət, dövlət qurmağa çalışmış adamlar haqqında danışın.