Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Rejimin cəbhəçilərə olan qəddar münasibətini bilirsiniz. Əli Kərimli ölkənin pasportu olmayan, interneti kəsilən, axşam saat 8-dən sonra hətta mobil telefonu belə söndürülən yeganə siyasətçisidir.
Cəbhəçiləri 300-500 manatlıq işlərə belə yaxın buraxmırlar, nəinki özlərini, ailə üzvlərini evinə çörək aparsaq imkanından məhrum edirlər.
Belə bir şəraitdə gerçəkdən də səhhətində ciddi problemi olmasaydı hərbi komissarlıq AXCP-in ən parlaq gənclərindən biri olan, son illər isə AXCP Gənclər Komitəsinə rəhbərlik edən Emil Səlimə ard-arda 12 il müddətində hərbi xidmətdən möhlət hüququ verərdi?! Bunu necə təsəvvür etmək olar?!
Anadangəlmə ürək qüsuru olan bir gəncə 12 il dəfələrlə “hərbi xidmətə yararsızdır” deyə möhlət verəndən sonra tələsik bir günün içində bütün müayinələrdən keçirmək, məcburi qaydada həkimləri evindən gətirib “yararlıdır” rəyi çıxarıb dərhal əlinə çağırış vəsiqəsi vermək siyasi təzyiq, diskriminasiya, qanunsuzluq deyilsə, bəs nədir?!
Bu ölkədə heç bir siyasi təşkilat, qurum, çevrə Vətən uğrunda cəbhəçilərdən çox fədakarlıq etməyib. Birinci Qarabağ Savaşında beş min cəbhəçi canını bu Vətənə fəda edərək şəhid olub. İkinci Qarabağ Savaşında 40-dan çox ən fəal üzvünün və demək olar ki, bütün rəhbərliyinin saxta ittihamlarla şərlənib həbsə atılmasına baxmayaraq AXCP-nın Ordumuza və Dövlətimizə verdiyi dəstəyi hətta İlham Əliyev də etiraf etməli oldu. Yəni, cəbhəçi üçün hərbi xidmət cəza deyil, şərəfdir, lütfdür, qürur mənbəyidir.
Amma ürək qüsurlu gənci hərbi xidmətə göndərmək qanunsuzluq və siyasi diskriminasiyadır. Hərbi xidmət müddətində Emil bəyin səhhətində yaranacaq istənilən problemin suçlusu Azərbaycan hakimiyyəti olacaq.
Və sonda. Rejim bu addımı, heç şübhəsiz ki, Emil Səlim başda olmaqla cəbhə gənclərinin fəallaşmasının qarşısını almaq üçün atır. Ancaq uzaqdan da olsa bu təşkilatı tanıyan biri kimi sizi əmin edirəm ki, çox tezliklə, o cümlədən də, Emil bəyə qarşı haqsızlığa etiraz olaraq, cəbhəçi gənclərin elə hərəkətliliyini, elə fəallığını görəcəksiniz ki, “kaş Emil Səlimə qarşı bunu etməzdik, başımıza bəla açdıq” deyəcəksiniz.