ABŞ-n öz əvvəlki siyasətindən imtina edəcəyi gözlənilir !
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
ABŞ Dövlət Katibinin müavininin demokratiya, İnsan haqları və əmək məsələləri üzrə köməkçisi Kara McDonald Cənubi Qafqazın iki ölkəsinə – Gürcüstan və Ermənistana etdiyi səfərdən sonra Azərbaycana gəlib. O, hökumət rəsmiləri ilə yanaşı siyasi partiya və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşlərə başlayıb.
Uzun müddət idi ki, ölkəmizə gələn ABŞ rəsmiləri müxalifət təmsilçiləri ilə görüşmürdülər.
Bu, artıq gələcəkdə Azərbaycanla təmaslarda müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərinin rəylərinin nəzərə alınacağının, iki tərəfli münasibətilərdə hakimiyyətin istəyinə uyğun siyasət anlayışından imtina ediləcəyinin anonsu hesab oluna bilər. Səfərdən qabaq ABŞ prezidenti Co Bayden və Dövlət katibi Blinken tərfindən İlham Əliyevə göndərilmiş məktublarda Amerikanın iki əsas istəyi aydın ifadə olunurdu. Bunlar demokratik islahatların vacibliyi və Azərbaycanın Rusiyadan uzaqlaşması ilə bağlı çağrışlar idi. Bundan başqa bu günlərdə ABŞ-n ölkəmizdəki səfiri Litzenberqer də verdiyi müsahibədə bu mövqeyi təsdiq edərək, hökumətlə təmaslarda ölkəmizdə sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdiklərini bildirib.
Son vaxtlar ABŞ və Azərbaycan arasında intensivləşən dialoq onu göstərir ki, Putin rejiminin Ukraynadakı labüd məğlubiyyəti və dünyadan təcrid olunması, artıq öz təsirlərini göstərməkdədir. Azərbaycan iqtidarı bu gün hər nə qədər stəməsə belə, yaranmış bu yeni geosiyasi reallıqları nəzərə almağa məcburdur.
Bu səfərin önəmi ondadır ki, xanım Kara McDonaldın ölkəmiz haqda əldə etdiyi təəssüratlar və hakimiyyətin demokratiyaya düşmən münasibəti ilə bağlı öyrəndiyi məlumatlar ABŞ – n mövcud reallığa daha adekvat siyasət yürütməsinin zəruri olduğunu göstərəcək. Aydın görünür ki, Azərbaycan hakimiyyətinin indiki davranışları hər hansı pozitiv gözləntiyə əsas vermədiyindən, ABŞ-n öz istəklərini sadəcə dilə gətirməsi yetərli deyil. Real dəyişikliklərin, islahatların olması üçün həm də effektiv təsir mexanizmlərindən istifadə olunması vacibdir.
Bu səfərin əhəmiyyəti həm də onda olardı ki, ABŞ uzun illər buraxılmış səhvdən -Azərbaycanda demokratik proseslərə dəstəyin ancaq hakimiyyətlə aparılan dialoqlara məhdudlaşdırılması praktikasından imtina etsin. Bu baxımdan, Gürcüstan və Ermənistan örnəyində olduğu kimi, demokratik proseslərin uğurunun siyasi müxalifət və vətəndaş cəmiyyəti ilə də sıx iş birliyinən asılı olması zərurətindən çıxış edilərək, ABŞ-n siyasətində bu yöndə dəyişikliklər olacağını da gözləmək olar.